Reuters yazır ki, Tesla-nın qlobal ixtisar planına avtomobil istehsalçısının iki ən böyük bazarı olan ABŞ və Çində satış, texnologiya, mühəndislik departamentləri daxildir.
Fins.az xəbər verir ki, Tesla-nın CEO-su Elon Musk bazar ertəsi günü Reuters tərəfindən görülən daxili memorandumda işçilərinə bildirib ki, şirkət satışların azalması və elektrikli avtomobillər üçün güclənən qiymət müharibəsi ilə mübarizə apardığı üçün qlobal işçi qüvvəsinin 10 faizindən çoxunu ixtisar edir.
Mənbələrdən biri ixtisarların ABŞ-da yerləşən bir çox xidmət mərkəzlərində, ilk növbədə satış işçiləri və texniki işçilər arasında dərhal qüvvəyə mindiyini söyləyib. O, həmçinin başqa yerdəki bütün ictimai məkan işçilərinin ixtisar edildiyini söyləyib.
Mənbələrdən ikisi Tesla-nın Çin satış qrupunun üzvlərinin işdən çıxarılmaları barədə məlumatlandırıldığını və yüzdə 10-dan çoxunun işini itirdiyini iddia edib.
Onu da qeyd edək ki, bazar dəyəri baxımından dünyanın ən böyük avtomobil istehsalçısı olan Tesla-nın illik hesabatına görə, 2023-cü ilin dekabr ayı etibarilə dünya üzrə 140 min 473 işçisi var. Digər tərəfdən, şirkətin təxminən 15 min işçisini işdən çıxarması gözlənilir.
Xatırladaq ki, Tesla keçən ilin fevral ayında Nyu-Yorkda işçilərinin 4 faizini işdən çıxarmışdı.
Günel Məlikzadə
Fins.az