Çexiya hökumətinin təşviq və təzyiqlərinə baxmayaraq, Volkswagen rəhbərliyi hələ də Mərkəzi Şərqi Avropada mümkün akkumulyator zavodunun yeri ilə bağlı qərar qəbul edə bilməyib.
Fins.az Almaniyanın DPA Xəbər Agentliyinin məlumatına istinadən xəbər verir ki, Volkswagen-in CEO-su Oliver Blume mövzu ilə bağlı açıqlamasında bildirib ki, bazar şərtləri, o cümlədən Avropada elektrik mobilliyinin (elektromobillik) yavaş irəliləməsi səbəbindən, hazırda Avropada əlavə yerlərə qərar vermək üçün heç bir kommersiya səbəbi yoxdur.
Blume bundan əvvəl Praqada Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb.
Fiala isə Volkswagen-in akkumulyatorla bağlı qərar verə bilməməsinin məyus olduğunu ifadə edərək, "Daha gözləyə bilmərik" deyib.
Volkswagen-in böyük akkumulyator fabriki üçün investisiya yarışında Çexiya hökuməti yer olaraq keçmiş Pilsen-Line hərbi hava limanını təklif edib. 1550 metr uzunluğunda uçuş-enmə zolağına malik olan hava limanı əvvəllər Çexiya ordusu üçün strateji ehtiyat kimi saxlanılıb.
Bu yaxınlarda şirkətin mümkün akkumulyator zavodunun Mərkəzi Şərqi Avropada yerləşdirilməsi üçün mümkün namizədlər arasında Çexiya ilə yanaşı, Polşa və Macarıstanın da adı çəkilir.
Alman avtomobil istehsalçısının sözügedən fabrikinin təxminən 4500 nəfər üçün iş yeri yaratması gözlənilib. Avtomobil sənayesi Çexiyanın ümumi daxili məhsuluna təxminən 10 faiz töhfə verib.
Volkswagen Group və akkumulyator şirkəti PowerCo indiyədək Almaniyanın Salzgitter, İspaniyanın Valensiya və Kanadanın Sankt-Peterburq şəhərində akkumulyator istehsal edib.
Günel Məlikzadə
Fins.az