AVTO

09 Noyabr

Toyota akkumulyator fabrikinə əlavə 8 milyard dollar sərmayə qoyacaq

Toyota ABŞ-ın Şimali Karolina ştatındakı elektrik avtomobil akkumulyatoru fabrikinə əlavə 8 milyard dollar sərmayə qoymağa qərar verib. Yapon avtomobil istehsalçısı elektrikləşdirmə proqramını sürətləndirməyi və onilliyin sonuna qədər qlobal miqyasda 30 akkumulyatorlu elektrik modelini satışa çıxarmağı planlaşdırdığı üçün Şimali Amerikadakı ilk elektrik avtomobil akkumulyatoru fabrikinə daha 8 milyard dollar sərmayə qoyacağını söyləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2025-ci ildə istehsala başlaması planlaşdırılan və hibrid elektrik avtomobilləri və akkumulyatorlu elektrik avtomobilləri üçün akkumulyatorlar istehsal edəcək fabrikdə 10 xətt olacaq. Fabrikin 2030-cu ildə ümumi illik istehsal gücü 30 GWh çatmaqla Teslanın Giga fabrikinə rəqib olması planlaşdırılıb. Şirkətin açıqlamasında qeyd olunub ki, bu əlavə investisiya qərarı Toyota-nın sözügedən obyektə qoyduğu ümumi investisiyanı təxminən 13,9 milyard dollara, proqnozlaşdırılan məşğulluq sayını isə 5 mindən çox artıracaq. Bildirilib ki, şirkət 2025-ci ilə qədər dünya üzrə hər bir Toyota və Lexus modeli üçün elektrik variantı təklif etməyi planlaşdırır.

Digər tərəfdən, Şimali Karolina 2020-ci ildən bəri elektrikli avtomobil sənayesindən 11 milyard dollardan çox investisiya, o cümlədən Vyetnam avtomobil istehsalçısı Vinfast-dan 2 milyard dollarlıq investisiya və Wolfspeed-dən 5 milyard dollarlıq yarımkeçirici istehsal müəssisəsi investisiyası cəlb edib.

Günel Məlikzadə
Fins.az