Qrupun MEB platformasında qurulmuş yeni Volkswagen ID.7; ID.3, ID.4, ID.5, ID.6 (Çin üçün eksklüziv) və ID.Buzz-dan sonra brendin altıncı elektromobilidir.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ID.7 həm də brendin 2026-cı ilə qədər satışa çıxarmağı planlaşdırdığı 10 yeni elektrik avtomobilindən biridir.
ID.7 ilə yanaşı, Volkswagen 25.000 avrodan aşağı qiymətə giriş səviyyəli model və yeni kompakt elektrikli avtomobili təqdim etməyi planlaşdırır.
ID.7 ilk olaraq Pro versiyasında buraxılacaq. Bu versiya 82 kVt/saat tutumlu akkumulyatorla 615 km-ə qədər sürmə məsafəsi təklif edəcək. Daha sonra satışa çıxarılacaq Pro S versiyası 91 kVt/saat tutumlu akkumulyatoru ilə 700 km-ə qədər məsafə vəd edir. Hər iki versiyada 210 kVt/286 at gücündə elektrik mühərriki var. ID.7-nin sürətli doldurma qabiliyyəti Pro S versiyası ilə 200 kVt-a qədər artır.
Yeni Volkswagen ID.7 Avropa, Çin və Şimali Amerika bazarlarında satışa çıxarılacaq. Avtomobilin Türkiyəyə gəlişi 2024-cü ildə olacaq.
Zəminə Hüseyn
Fins.az