2017-ci ildən buraxılan üçüncü nəsil Kia Picanto hetçbekinin (Koreya bazarında Kia Morning adı ilə tanınır) ikinci yenilənməsidir. Kia brendinin ən kiçik modeli indi tamamilə fərqli görünüşə malikdir.
Fins.az xəbər verir ki, şirkət bu üslubu Opposites United adlandırır və onun əsas xüsusiyyətlərindən biri tünd bəndlə birləşdirilən şaquli ön fənərləridir. Eyni üz ifadəsi tezliklə Sorento və Carnival modellərində, daha sonra isə digər avtomobillərdə də görünəcəkdir.
Hələlik isə, Picanto modelinin işıqlanan bəndlə birləşdirilmiş opsional LED fənərləri olan ən bahalı versiyasının şəkilləri dərc olunub. Hetçbekin baza versiyasında əlavə dekorasiyası olmayan adi halogen fənərlər quraşdırılacaqdır.
Texniki dəyişiklik yoxdur. Cənubi Koreyada Kia Morning hələ də yalnız üçsilindrli 1,0 MPI (76 at qüvvəsi) və 4-pilləli “avtomat” ilə təchiz olunur. Avropada isə, Picanto 1,0 MPI (67 at qüvvəsi) və 1,2 MPI (84 at qüvvəsi) mühərriklərlə təklif olunur, hər iki aqreqat da 5-pilləli mexaniki qutu və ya onun əsasında yaradılmış tək muftalı “robot” ilə təchiz edilə bilər. Zəif tələbata malik olan 1.0 TGDI turbomühərriki keçən il çeşiddən çıxarılıb.
Koreya bazarında yenilənmiş hetçbeklərə sifarişlər artıq qəbul olunur. Yenilənmiş Picanto iyulun sonunadək satışa çıxarılacaqdır. Burada Kia Morning modelinin satış qiyməti 10 100 dollardan başlayır, lakin 9 900 dollara arxa oturacaqı olmayan “karqo” versiyası da var. Qiymət artımı nəzərəçarpacaq dərəcədədir: xatırladaq ki, yenilənmədən əvvəlki versiyanın qiyməti 9400 dollardan başlayırdı. Yenilənmiş Kia Picanto bir neçə ay ərzində digər bazarlarda da satışa çıxarılmalıdır.