AVTO

29 İyun

BMW X1 M35i xDrive krossoverinin payızda satışa çıxarılacağı gözlənilir - FOTO

İndiyədək kiçik BMW X1 krossoverinin M bölməsi tərəfindən yaradılmış “bərkgedən” versiyaları olmayıb. Belə şərəfə yalnız X2 krossoveri layiq görülüb - onun çeşidində güclü M35i xDrive modifikasiyası mövcuddur. Ancaq indi oxşar versiyaya yeni U11 nəslindən olan X1 krossoveri də sahib olub. Düzdür, M35i xDrive versiyası çeşiddəki ən güclü krossover deyil.

Fins.az xəbər verir ki, yeni BMW X1 çoxlu sayda modifikasiyada, o cümlədən elektrikləşdirilmiş versiyalarda debüt edib. Məsələn, çeşiddə 1,5-litrlik benzin “turboüçlüyü” və arxa oxda elektrik mühərriki olan X1 xDrive30e plagin hibridi var. Hibrid güc qurğusunun ümumi hasilatı 326 at qüvvəsi və 477 Nm təşkil edir.  Nəhayət, ümumi hasilatı 313 at qüvvəsi və 494 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə hərəkətə gələn BMW iX1 xDrive30 elektrik versiyası mövcuddur.

Yeni BMW X1 M35i xDrive modifikasiyası bu fonda güclü görünmür: o, 300 at qüvvəsi və 400 Nm (ABŞ bazarı üçün güc 317 at qüvvəsinə yüksəldilib) hasil edən təkmilləşdirilmiş 2,0-litrlik “turbodördlüyə” malikdir. 

Zahiri cəhətdən, M35i versiyası M kuzov dəsti olan daha kiçik modifikasiyalardan yalnız təfərrüatları ilə fərqlənir: bamperdəki kəsiklər bir qədər fərqlidir, beşinci qapıdakı spoylerin relyefi başqa formadadır və sairə. Beləliklə, top versiyanın ən bariz əlaməti arxa tərəfdə dörd çıxış borusu olan buraxılış sistemidir.

BMW X1 M35i xDrive krossoverinin payızda satışa çıxarılacağı gözlənilir. Qiymət hələlik açıqlanmayıb, lakin onun X1 xDrive30e hibridindən (Almaniyada 51 600 avrodan başlayan) və iX1 xDrive30 elektromobilindən (55 000 avrodan) baha olacağı aydındır. BMW X2 M35i modeli indi ən azı 60 500 avroya başa gəlir.