Volkswagen ID. Buzz elektrik miniveni ötən ilin yazında debüt edib və yalnız indi onun çeşidində ilk genişlənmə baş verib: minivenin uzunbazalı sərnişin versiyası təqdim olunub.
Fins.az xəbər verir ki, əlavə ödəniş müqabilində uzunbazalı miniveni üçüncü oturacaq cərgəsi ilə də sifariş etmək mümkündür. Minivenin təkər bazası 250 millimetr uzanaraq 3239 millimetrə bərabər olub. Bu, MEB modul platforması üçün yeni rekorddur.
Kuzovun arxa çıxışı standart olaraq qalıb, buna görə də minivenin ümumi uzunluğu eyni 250 millimetr artaraq 4962 millimetrə çatıb. Bu artımın 190 millimetri sürüşərək açılan arxa qapıların, qalan 60 millimetri isə ön qapıların payına düşüb. Yəni, məkan artımını təkcə arxa sərnişinlər deyil, həm də ön sərnişinlər hiss edəcəklər.
Uzunbazalı versiyada, daha sonra qısabazalı minivenlərdə peyda olacaq yeni opsiyalar debüt edib. Opsiyalar arasında sürücünün qarşısındakı proyeksiya displeyi, ön oturacaqların havalandırması, həmçinin 1,54 metr uzunluğunda elektroxrom şüşəsi olan panoram dam var. Şüşənin şəffaflığını salondakı düyməyə basmaqla dəyişdirmək mümkündür. Təkmilləşdirilmiş onlayn imkanlara malik olan yenilənmiş media sistemi Volkswagen ID.7 liftbəkindəki kimidir.
Uzunbazalı minivenin maksimal sürəti 145 km/saatdır. Daha sonra isə, 100 km/saata 6,4 saniyəyə sürətlənə bilən iki elektrik mühərriki (339 at qüvvəli) ilə hərəkətə gələn tamötürməli Volkswagen ID.Buzz GTX versiyası, habelə ID. Buzz California kemperi peyda olmalıdır. Hər iki versiya da uzun təkər bazasına və böyük batareyaya malik olacaqdır.
Uzunbazalı minivenlər yalnız 2024-cü ilin əvvəlində satışa çıxacaqlar, ona görə də onların qiymət hələlik açıqlanmayıb. Adi ID. Buzz sərnişin miniveni Avropada 65 min avrodan başlayan qiymətlə satılır. ABŞ və Kanada bazarlarında isə uzunbazalı versiya təklif edilən yeganə versiya olacaq: Volkswagen 20 illik fasilədən sonra minivenin yerli bazarlara təntənli şəkildə qayıtdığını elan edib. Əvvəlki arxa mühərrikli T1, T2 və T3 minivenləri burada çox məşhur idi. T4 ailəsi isə, sələflərinin uğurunu təkrarlaya bilmədi və alman istehsalçısını növbəti T5 modelini okeanın o tayına göndərməkdən imtina etdi.