AVTO

12 İyun

Ferrari 296 GTB hibridi italyan markasının Nürburqrinqdəki ən sürətli avtomobili olub

2021-ci ilin yayında əfsanəvi Ferrari brendinin model xəttində yeni hibrid peyda olub. Zahiri cəhətdən SF90 Stradale modelinə bənzəyən 296 GTB berlinettası, italyan istehsalçısının V6 mühərrikli ilk yol avtomobili olub.

Fins.az xəbər verir ki, superkarın sükanı arxasında “Nordşlyayfe” trekində bir çox rekordlara imza atan alman Sport Auto nəşrinin redaktoru və test-pilotu Kristian Gebhard olub. Assetto Fiorano paketi və Michelin Pilot Sport Cup 2 R şinləri ilə təchiz edilmiş modeli idarə edən təcrübəli Nürburqrinqdəki dövrəni 6:58,7 zamanı ilə qət edib.

Bu nəticə Ferrari 296 GTB superkarını italyan markasının ən sürətli avtomobili edib və bu treki yeddi dəqiqədən yeyin qət etmiş15 avtomobildən birinə çevirib!

Nəşrdə qeyd edildiyi kimi, Ferrari nadir hallarda öz modellərini belə sınaqlar üçün təqdim edir, buna görə də, məsələn, Ferrari SF90 Stradale superhibridinin “Nordşlyayfe” trekindəki potensialı aşkarlanmayıb. Eyni zamanda, 296 GTB berlinettası Ferrari 488 Pista modelindən demək olar ki, iki saniyə yeyin olub, Porsche 911 GT2 RS modelindən (991,2) isə cəmi yarım saniyə geri qalıb.