Unikal Aston Martin Bulldog superkarı ilk dəfə olaraq 330 km/saat həddini toplayıb. Avtomobilin bərpasına bir il yarım sərf edilib və yəqin ki, sahibinə böyük məbləğə başa gəlib.
Fins.az xəbər verir ki, 70-ci illərin sonlarında yaradılan Aston Martin Bulldog ümumiyyətlə seriyaya getməyib. Rəhbərlik layihənin özünü ödəməyəcəyini hesab edib və ona görə də paz formalı kupenin yeganə nüsxəsini Yaxın Şərqdən olan kolleksiyaçıya satıb.
Uzun illərdən sonra avtomobil Asiyada peyda olub. Avtomobilin yeni sahibi amerikalı Filip Sarofim, 1981-ci ildə Aston Martin idarə heyətinin sədri vəzifəsini icra edən Viktor Qauntlettin (müasir Aston Martin Victor kupesi məhz onun şərəfinə belə adlandırılıb) oğlu Riçard Qauntletti cəlb edərək, Bulldog modelinə əvvəlki əzəmətini qaytarmaq qərarına gəlib.
Bərpa prosesi 18 ay çəkib. Çalışmaların məqsədi təkcə avtomobili zəriflik müsabiqələrinin ulduzuna çevirmək deyil, həm də onu yüksək sürət toplamaq cəhdinə hazırlamaq olub.
Seriya superkarının təxminən 2,2 milyon dollara başa gələcəyi güman edilirdi, lakin Bulldog ilk sahibinə daha sərfəli qiymətə başa gəlib – o, avtomobil üçün cəmi 100 min dollar ödəyib.