Honda Inspire və Accord sedanları əkiz qardaşdırlar. Onların hər ikisi də Çində təmsil olunurlar: Inspire modelini Dongfeng Honda, Accord modelini isə GAC-Honda birgə müəssisəsi istehsal edir. Sonuncu yerli bazarda satışa iki həftə bundan əvvəl çıxıb.
Fins.az xəbər verir ki, indi isə, yeni Honda Inspire debüt edib.
Vizual olaraq, onlar radiator barmaqlıqları və işıqlar, eləcə də interyer tərtibatı ilə fərqlənirlər. Eyni zamanda, hər iki sedan virtual cihazlar paneli və genişformatlı ekranı olan Honda Connect 4.0 mediasistemi ilə təchiz edilir.
Rəsmi şəkillərin dərc edilməsi və modelin Çin Sənaye Nazirliyinin məlumat bazasında peyda olması Honda Inspire modelinin tam ölçülü təqdimatının yaxın zamanlarda keçiriləcəyindən xəbər verir. Sedanın qiyməti hələlik açıqlanmayıb. Lakin, məsələn, Çində Honda Accord sedanının qiyməti 179 900 yuandan (43 min manat) başlayır, e:PHEV hibridinin qiyməti isə 225 800 yuandır (54 min manat).