AVTO

05 May

ABT Sportsline atelyesi 760 at qüvvəli RS6 universalını təqdim edib - FOTO

Məşhur ABT Sportsline atelyesi ekstremal RS 6 Legacy Edition universalını təqdim edib. O, Audi RS 6 Avant performance modelinə əsaslanır. RS 6-LE universalı orijinal avtomobildən firma kuzov dəsti, təkər diskləri, asqısı və interyer tərtibatı ilə fərqlənir.

Fins.az xəbər verir ki, ümumilikdə 200 belə universal buraxılacaqdır. Təkmilləşdirmələr demək olar ki, 103 min avroya başa gələcəkdir -  baza RS 6 Avant modelinin qiyməti bu məbləğə daxil deyil.
ABT Sportsline atelyesi  özünün yeni ABT RS 6 Legacy Edition universalını " RS 6 modelinin 20 illik tarixinin tacı" adlandırır. O, 4,0-litrlik V8 TFSI biturbomühərriki, 48 voltluq startyor-generator, səkkiz pilləli tiptronic “avtomatı” və quattro tam ötürməsi ilə təchiz edilmiş RS 6 Avant performance versiyasına əsaslanır.

Kemptenlilər daxiliyanma mühərrikinin hasilatını  760 at qüvvəsi və 980 Nm fırlanma anına qədər artırıblar. Bu, RS 6 Johann Abt Signature modelində olduğundan 40 at qüvvəsi azdır.Xatırladaq ki, “adi” RS 6 Avant universalı 630 at qüvvəsi və 850 Nm fırlanma anına malikdir.

Güc artımı tərkibinə yeni turbokompressorlar, interkuler və mühərrikin idarəetmə bloku daxil olam ABT Power R dəsti sayəsində təmin edilir. Kapotda istiliyin ötürülməsini yaxşılaşdıran havalandırma kəsikləri peyda olub. Eyni zamanda, avtomobil üçün karbondan hazırlanmış çoxlu elementləri olan yeni kuzov dəsti yaradılmış, onun asqısı isə yenidən sazlanmışdır.

Universal ABT yayları və stabilizatorlarını, paslanmayan poladdan buraxılış sistemini və Goodyear Eagle F1 Supersport şinləri olan 22-düymlük təkər disklərini alıb. Kemptenlilərin təkmilləşdirdiyi universal 100 km/saata 3,1 saniyə sərf edir. Xatırladaq ki, standart universalın müvafiq göstəricisi 3,6 saniyədir.

ABT RS 6 Legacy Edition modelinin interyeri Dinamica mikrofiberi, süni zamşa və əsl dəri ilə üzlənib. Oturacaqların kürək hissələrində və ayaqaltılarda RS 6-LE tikmə-naxışları. Universalın tirajı 200 nüsxədən ibarət olacaqdır.

Təkmilləşdirmələrin qiyməti 102 600 avro təşkil edir. Bu məbləğə orijinal avtomobilin qiyməti, həmçinin kuzov dəstinin quraşdırılması və digər işlər daxil deyil. Tənzimlənən asqı, salondakı karbon dekor və Valcona dərisi ilə tərtibat kimi opsiyalar ayrıca ödənilir.