Peugeot şirkəti yenilənmiş 2008 krossoveri haqqında bütün təfərrüatları açıqlayıb. Model uzun müddət Avropada B SUV seqmentində liderlik etsə də, son bir ildə oma olan tələbat azalmağa başlayıb. Peugeot bestsellerlərindən birinə marağı bərpa etmək üçün, onun xarici görünüşünü dəyişdirmək və baza təchizatına yenidən baxmaq qərarına gəlib. Yenilənmiş e-2008 elektrokarı isə, daha güclü elektrik mühərrikini alıb.
Fins.az xəbər verir ki, Peugeot 2008 modelinin xarici görünüşü bir sıra mühüm dəyişikliklərə məruz qalıb. Birincisi, radiator barmaqlığının ölçüləri böyüyüb və o, vizual olaraq fənər blokları ilə birləşdirilib. İkincisi, gündüz hərəkət işıqlarının "köpək dişlərini" aslan caynağının izini simvolizə edən üçlü zolaqlar əvəzləyib. Baza modelləri halogen, top versiyalar isə LED işıq texnikası ilə təchiz olunurlar. Üçüncüsü, arxa işıqların dizaynına yenidən baxılıb - indi onların şaquli deyil, üfüqi bölmələri var.
Baza avadanlıqları siyahısına multimedia sisteminin 10 düymlük ekranı (əvvəllər yeddi düymlük variant quraşdırılırdı) daxil edilib. Ən sadə versiyaların cihazlar paneli analoqdur və yalnız ən bahalı versiyalarda diaqonalı 10 düym olan rəqəmsal cihazlar paneli quraşdırılır. Digər yeniliklər arasında dairəvi müşahidə sisteminin sayı artırılmış kameraları var.
Texniki cəhətdən yalnız e-2008 elektrik versiyası yenilənib, yanacaqlı versiyalar isə dəyişilməz qalıblar. Bundan sonra batareyalı krossover Stellantis və Yaponiyanın Nidec şirkətləri tərəfindən birgə hazırlanmış elektrik mühərriki ilə təchiz ediləcəkdir – o, əvvəlki aqreqatdan 20 at qüvvəsi güclüdür və 156 at qüvvəsi hasil edir. Dartma batareyasının tutumu 50-dən 54 kilovat-saata qədər, yürüş məsafəsi isə 245-dən 406 kilometrə (WLTP) qədər artırılıb.
Adi 2008 modeli əvvəlki kimi, Avropada 101 və 130 at qüvvəli 1,2-litrlik benzin turbomühərriki, mexaniki və ya səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir. 130 at qüvvəsi hasil edən 1,5-litrlik BlueHDi turbomühərriki olan dizel modifikasiyası çeşiddə qalıb. Bir müddət sonra isə, 2008 ailəsinə altı pilləli "robota" quraşdırılmış 48 voltluq dartma elektrik mühərriki (28 at qüvvəsi hasil edir) olan hibrid qoşulmalıdır.
Yenilənmiş Peugeot 2008 modellərinin yığılmasına yaxın həftələrdə İspaniyadakı Stellantis zavodunda başlanmalıdır. Yenilənmiş krossoverlər Avropadakı diler salonlarında yayda peyda olmalıdırlar. Qiymətlər hələlik açıqlanmayıb.
©autograph