Volkswagen elektrik ötürməsi ilə hərəkətə gələn Tiguan krossoverini və daha iki yeni modeli hazırlayır. Britaniyanın “Autocar” nəşrinin məlumatına görə, “batareyalı” Tiguan gələn il debüt edəcək, onun ardınca isə daha iki elektromobil – yığcam krossover və top ofrouder işıq üzü görəcəkdir.
Fins.az xəbər verir ki, Britaniya nəşrinin jurnalistləri yeni məhsullar haqqında bəzi təfərrüatları öyrəniblər: məsələn, “yaşıl” Tiguan krossoveri ID.4 və ID.5 modellərindən daha “səlis” dizayna malik olacaq, yığcam krossover isə mövcud T-Cross modelinin batareyalı analoquna çevriləcəkdir.
“Batareyalı” Volkswagen Tiguan modeli unifikasiya edilmiş akkumulyator elementləri texnologiyasına malik olan MEB+ platformasında inşa ediləcəkdir. Şirkət nümayəndələri yeni modelin xəttinə təbii şəkildə ID-xəttinə uyğunlaşacağını və mövcud olan ID.4 və ID.5 modellərini tamamlayacağını gözləyirlər.
T-Cross modelinin elektrik analoqu olacaq yığcam krossover 2026-cı ildə satışa çıxacaq, üstəlik, onun Skoda və Cupra markaları altında “əkizləri” buraxılacaqdır. Onun yeganə elektrik mühərriki və monoötürmə ilə təchiz ediləcəyi, qiymətinin isə 25 min avro ətrafında olacağı gözlənilir. Hələlik bu model ID.2X nişanlamasına malikdir.
Nəhayət, planlaşdırılan üçüncü model 2028-ci ildə debütü gözlənilən böyük ofrouderdir. O, alman markasının model xəttində Tiguan və Touareg krossoverlərinin arasında yerləşəcək və potensial olaraq yalnız Çində satılan Volkswagen ID.6 modelinin Avropa variantı olacaqdır. Bununla belə, bu ofrouder başqa platformaya - 800 voltluq arxitekturaya malik olan və 350 kilovat üzərində yükləməni dəstəkləyən SSP "arabacağına" əsaslanacaqdır.
Aprel ayının ortalarında Volkswagen şirkəti ID ailəsinin elektrik avtomobilləri üçün nəzərdə tutulmuş yeni nəsil elektrik mühərrikini təqdim edib. Elektrik güc qurğusunun tərkibinə 286 at qüvvəli sinxron elektrik mühərriki daxil olacaqdır. Müqayisə üçün qeyd edək ki, ID elektromobillərinin təchiz edildiyi elektrik mühərriki 204 at qüvvəsinə malikdir.
©autograph