Amerikada satılan tamölçülü pikapların ofroud versiyaları çoxdan təklif olunur, lakin onlar əsasən 150 və ya 1500 indekslərini daşıyan və bir tona qədər yükgötürmə qabiliyyətinə malik olan ən populyar modellər üçün təklif edilirlər. HD (Heavy Duty) kateqoriyasından olan ağır pikaplar arasında “ofrouderlər” elə də böyük tələbata malik deyillər, buna görə də bu seqmentdə yeganə “palçıq qarışdıran” yalnız Ram 2500 Power Wagon pikapıdır. Amma indi onun GMC Sierra HD ailəsindən olan rəqibi peyda olub.
Fins.az xəbər verir ki, tərtibatçılar GMC Sierra 2500HD AT4X modelini ən yaxşı ofroud qabiliyyəti olan və ən dəbdəbəli ağır pikap kimi səciyyələndirirlər. Pikapın baza təchizatına ağac şponu və dəri ilə tərtib edilmiş salon, vibromasajlı və elektrikli ön oturacaqlar, on iki dinamikli Bose səs sistemi və sairə daxildir. Ancaq əsas təkmilləşdirmələr bunlar deyil.
AT4X versiyası gövdədən kənarda yerləşən və ayrıca klapanları olan üç kamera ilə təchiz edilmiş Multimatic DSSV amortizatorlarına və gücləndirilmiş qollara malik olan asqı ilə təklif olunur. Pikapın klirensi 38 millimetr (295 millimetr) artırılıb və xarici diametri 35 düym olan ofroud şinləri quraşdırılıb. Həmçinin, pikap altlığın əlavə qorunmasına və arxa differensial kilidinə sahib olub, idarəetmə elektronikasına isə ABS və dartmaya nəzarət sisteminin müvafiq sazlanmaları olan Off-Road rejimi daxil edilib.
Bundan əlavə, ofrouderlərin tüninqi ilə məşğul olan American Expedition Vehicles ilə birlikdə yaradılmış daha da “acıqlı” GMC Sierra 2500HD AT4X AEV Edition pikpaı da təklif olunur. Bu versiyanın seçilən xüsusiyyətləri arasında polad bamperlər (bucurqad üçün yer də var), daha möhkəm disklər, bütün güc blokunun polad müdafiəsi və 300 millimetrə qədər artırılmış klirens var.
Əlbəttə ki, AT4X versiyalarında tam ötürmə sistemi standartdır ("adi" versiyalar üçün opsiyadır). Mühərrik çeşidi GMC Sierra HD ailəsinin digər pikaplarındakı ilə eynidir: bu, 6,6-litrlik Vortec V8 (407 at qüvvəsi, 629 Nm) benzin mühərriki və eyni həcmli Duramax V8 (477 at qüvvəsi, 1322 Nm) turbodizeldir. Hər iki aqreqat 10-pilləli Allison "avtomatı" ilə tandemdə çalışır. Pasport üzrə yükgötürmə qabiliyyəti heyranedici deyil: benzin mühərriki ilə 1,5 ton, dizel mühərriki ilə 1,4 ton.
Lakin yedəyə alınmış qoşqunun maksimal kütləsi müvafiq olaraq 8,4 ton və 7,3 tondur.
GMC Sierra 2500HD AT4X pikapları payızda satışa çıxarılacaq və yalnız ikicərgəli Crew Cab kabini ilə təklif olunacaqdır. “Ofroud” versiyasının qiyməti 75 000 dollardan başlamalıdır. Hazırda daha sadə Sierra 2500HD AT4 modelinin qiyməti 68 500 dollardan başlayır.
©autograph