Alman krossoveri həm yanacaqla, həm də elektriklə işləyən iX1 versiyasında təklif olunur. “Çinli” krossover qlobal versiyadan 11 santimetr artırılmış təkər bazası ilə fərqlənir. Yanacaqlı krossoverin mühərrik çeşidinə yeddi pilləli “robot” ilə tandemdə çalışan 1,5 və 2,0-litrlik turbomühərriklər daxildir. Tam ötürmə sistemi opsiyadır və yalnız 2,0-litrlik mühərriklə təchiz olunmuş krossoverlər üçün əlçatandır.
Fins.az xəbər verir ki, Çin bazarının xüsusiyyətləri Avropa istehsalçılarını avtomobilləri uzatmağa məcbur edir. Əsas məqsəd ikinci cərgədəki məkana həssas yanaşan alıcıları sevindirməkdir. Artıq yeni BMW X1 modeli də uzunbazalı versiyaya sahib olub - krossoverin oxları arasındakı məsafə bir dəfəyə 11 santimetr artırılıb. Bütün artım arxa sərnişinlərə qismət olub, lakin digər cəhətdən Çində satılan X1 qlobal versiyadan fərqlənmir.
Yanacaqlı krossover sDrive20Li, sDrive25Li və tamötürməli xDrive25Li modifikasiyasında təklif olunur. Kiçik modifikasiyalar 1,5-litrlik (156 at qüvvəsi, 230 Nm), böyük versiyalar isə 2,0-litrlik (204 at qüvvəsi, 300 Nm) benzin turbomühərriki ilə təchiz edilirlər. Ötürmələr qutusu iki muftalı yeddi pilləli Getrag “robot”udur. BMW iX1 elektrokarı yalnız ikimühərrikli (313 at qüvvəsi, 494 Nm) xDrive30 versiyasında təklif olunur, lakin 2024-cü ildə təkmühərrikli krossover də bazara çıxmalıdır.
Çin bazarında satılacaq X1 modeli BMW-Brilliance birgə müəssisəsi tərəfindən istehsal olunacaqdır. Əvvəlki kimi model iki dizayn variantında təklif ediləcəkdir: X və M Sport. Başlanğıc qiyməti 288 900 yuandır (71.500 manat). Tamötürməli xDrive25Li 349 900 yuana (86.500 manat) başa gələcəkdir. BMW iX1 elektrokarının qiyməti hələlik açıqlanmayıb.
©autograph