AVTO

18 Aprel

Volkswagen ID ailəsinin flaqmanını təqdim edib - FOTO

Volkswagen şirkəti 700 kilometr məsafə qət edən ID.7 liftbəkini təqdim edib. Beşmetrlik elektromobil 286 at qüvvəli yeni nəsil elektrik mühərrikini, günəş mövqeyi sensoru olan “ağıllı” iqlimə nəzarət sistemini və təbii nitqi anlayan səs köməkçisini əldə edib. Volkswagen ID.7 liftbəkinin Avropa və Çindəki satışlarına 2023-cü ilin sonuna kimi başlanmalıdır. 2024-cü ildə isə yeni elektromobil Şimali Amerikada satışa çıxarılacaqdır.

Fins.az xəbər verir ki, Volkswagen ID.7 liftbəki ID ailəsinin yeni flaqmanıdır. Buna görə də o, APP550 elektrik modulunu və digər modellərdən fərqli ön panel arxitekturasını alan ilk model olub. Aşağı aerodinamik müqavimət əmsalı (0,23) və optimallaşdırılmış ötürmə sayəsində beşmetrlik avtomobil dolu batareya ilə təxminən 700 kilometr məsafə qət edə bilir. O, həmçinin avtomatik olaraq zolaqları dəyişdirmək və avtomobili zolaqda saxlamaq üçün sürü zəkasından istifadə edir.

ID.7 modelinin mühərriki 286 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edir. 204 at qüvvəli sələfi ilə müqayisədə artım daha böyük kəsikli naqil sarğısı, daha güclü rotor maqniti, gücləndirilmiş ötürmə və yüksək faza cərəyanlarını təmin edən çevricisi olan stator sayəsində əldə edilib. Mühərrikdən başqa, ID.7 yenilikləri siyahısına elektron idarələnən deflektorlar və günəş mövqeyi sensoru olan klimat-kontrol da daxildir.

Klimat-kontrol 15-düymlük mərkəzi ekran vasitəsi ilə idarə olunur. Üfürmənin intensivliyi və istiqaməti kontekst menyusu vasitəsilə tənzimlənir. Temperaturun tənzimlənməsinə sensorlu slayderlər cavabdehdirlər. Əlavə ödəniş qarşılığında ön oturacaqları da mikroiqlimin tənzimlənməsi, habelə havalandırma və isitmə funksiyası ilə yanaşı qurutma funksiyası ilə də təchiz etmək olar.

Avtomobilin digər xüsusiyyətləri arasında Harman Kardon səs sistemi, əlavə reallıqlı proyeksiya displey, panoram dam və təbii nitqi anlayan IDA səs köməkçisi daxildir. ID.7 elektron köməkçilər dəstinə əvvəlki manevrləri (50 metrə qədər) yadda saxlamaq funksiyasına malik olan avtoparklayıcı və yol nişanlanması olmayan yerlərdə avtomobili idarə etmək üçün sürü zəkasından istifadə edən Travel Assist yarımavtopilotu daxildir. Bu halda, elektronika V2V rabitə protokolu vasitəsilə digər Volkswagen avtomobillərdən alınan anonim məlumatlara əsaslanır.

Liftbək üç əsas bazarda - Çin, Avropa və Şimali Amerikada təqdim ediləcək və Volkswagen markasının 2026-cı ilə qədər buraxacağı 10 yeni elektrik modelindən biri olacaqdır. Onların arasında sadələşdirilmiş MEB Entry platformasında inşa ediləcək ID.2all subkompaktı da var. Plana görə, bu avtomobilin qiyməti 25 min avrodan aşağı olmalıdır.

©autograph