AVTO

12 Aprel

Lexus yeni LM minivenini təqdim edəcək - FOTO

Lexus markasının ilk miniveni 2019-cu ildə Şanxay avtosalonunda debüt edib. İndi isə yapon markası "tamamilə yeni" miniveni təqdim etməyə hazırlaşır.

Fins.az xəbər verir ki, Yaponiya istehsalçısı hələlik detalları gizli saxlayır, lakin ola bilsin ki, modeli sadəcə restaylinq gözləmir – dəbdəbəli minivenin ikinci nəsli işıq üzü görə bilər. İstənilən halda, bütün detallar düz bir həftə sonra, aprelin 18-də Şanxay avtosalonunda baş tutacaq təqdimat zamanı açıqlanacaqdır.

Lexus şirkətinin dərc etdiyi tizerdə yeni LM modelinin arxa yan tərəfini göstərilir. Yenilik hazırkı modeldən nəzərəçarpacaq dərəcədə fərqlənir: onun hamar şüşələnmə səthi olan başqa pəncərə dayağı, damda isə fərqli günəşliyi var. Həmçinin, təsvirdən göründüyü kimi, işıqların mürəkkəb forması daha sadə olub və artıq yan şüşə ilə birləşmir.

Digər bir yenilik isə satış coğrafiyasının genişləndirilməsi olacaq. Tizer Lexus şirkətinin Avropadakı saytında peyda olub ki, bu da Asiyaya ünvanlanmış modelin ilk dəfə Avropa bazarlarına çıxaracağına işarə edir. Hansı bazarın birinci olacağı hələlik məlum deyil.

Toyota Alphard modelinə əsaslanan hazırkı Lexus LM miniveni iki variantda təklif olunur. Birinci versiya 2,5-litrlik benzin və iki elektrik mühərrikindən ibarət olan 264 at qüvvəli hibrid güc qurğusu ilə hərəkətə gəlir. Alternativ olaraq, təxminən 300 at qüvvəli 3,5-litrlik V6 benzin mühərriki təklif edilir. İki ötürmə növü mövcuddur - tam və ön ötürmə.

LM miniveni ikinci oturacaq cərgəsinin arakəsmə ilə ayrıldığı yeddi nəfərlik salonla təklif olunur. 2+2 düsturlu dəbdəbəli versiyası da var: belə konfiqurasiyada sərnişin salonu ilə sürücü arasındakı arakəsmə 26 düymlük ekranın quraşdırıldığı elektroxromatik şüşədən hazırlanıb. Minivenin təchizatına 19 dinamikli səs sistemi və şampan şərabının soyudulması üçün xüsusi bölmə daxildir.

©autograph