General Motors konserninin ağır pikaplar xəttində dəyişikliklər baş verib: 2024-cü model ilindən etibarən AT4X modifikasiyasındakı Sierra 1500 pikapı təkcə V8 atmosfer benzin mühərriki ilə deyil, həm də sıralı altısilindrli turbodizel ilə də təklif ediləcəkdir. “Ağır” yanacaqla çalışan 3,0-litrlik aqreqat standart təchizata daxil olacaq, 6,2-litrlik V8 üçün isə əlavə ödəniş tələb ediləcəkdir.
Fins.az xəbər verir ki, General Motors nümayəndəsi keçən ilki yeniləmədən sonra dizel mühərrikli GMC Sierra pikapının alıcılarının payının 20% təşkil etdiyini bildirib. Marketoloqlar hesab edirlər ki, dizel mühərriki olan yolsuzluq pikapını almaq imkanı “ağır” yanacaqlı aqreqatın populyarlığını artıracaqdır. Hazırda altısilindrli turbodizel 309 at qüvvəsi və 671 Nm fırlanma anı hasil edir.
6,2-litrlik V8 (426 at qüvvəsi və 623 Nm fırlanma anı) fırlanma anına görə dizel mühərrikindən geri qalsa da, güc baxımından onu üstələyir. Hər iki mühərrik 10-pilləli “avtomat” ilə tandemdə çalışır. AT4X yolsuzluq versiyasının xüsusiyyətləri - asqının bir-iki düymlük liftinqi, Multimatik amortizatorları, elektron idarə olunan differensial kilidləri, paylayıcı qutunun altındakı müdafiə lövhəsi və xarici diametri 32 düym olan Goodyear palçıq şinləridir.
General Motors ağır pikaplarda baş vermiş o qədər də əhəmiyyəti olmayan təkmilləşdirmələr arasında elektrikli yeni yan ayaqaltılar, aktiv buraxılış sistemi, kuzov rənglərinin və təkər disklərin genişləndirilmiş çeşidi var. 2024 model ilinin GMC Sierra pikapının qiyməti bu yay açıqlanacaq.
©autograph