AVTO

28 Mart

Rolls-Royce V12 mühərrikli sonuncu kupeni təqdim edib - FOTO

Rolls-Royce şirkəti Wraith Black Arrow Collection modelini təqdim edib. Bu, V12 mühərriki ilə təchiz edilən sonuncu kupedir. Britaniya istehsalçısı 2022-ci ilin yazında Wraith və Dawn modellərinin həyat dövrünün başa çatdığını rəsmən elan etmişdi - kupe və kabriolet 2023-cü ilin əvvəlində istehsaldan çıxarılacaqlar.Onların varisləri olmayacaq - Britaniya brendinin xəttində hər iki avtomobili Spectre elektromobili əvəzləyəcəkdir.

Fins.az xəbər verir ki, ikiqapılı modellərlə yanaşı, V12 mühərriki də səhnəni tərk edəcəkdir, çünki bütün yeni Rolls-Royce modelləri elektrik güc qurğusu ilə təchiz olunacaqlar. 12-silindrli mühərriklə vida avtomobili məhdud tirajla buraxılacaq Rolls-Royce Black Badge Wraith Black Arrow Collection kupesidir.

Kupe, Bespoke zavod fərdiləşdirmə proqramının çərçivəsində yaradılmış eksklüziv Gradient Paint rənginə boyanıb. Bu, ön tərəfdəki Celebration Silver çalarından arxadakı Black Diamond çalarına keçid edən qradiyent boyadır. Bulanıqlıq effekti vermək üçün, əlavə olaraq, şüşə hissəcikləri olan Crystal rəngi də tətbiq olunur.

Gərək olan boyanma səthinə nail olmaq üçün, avtomobil 12 saatdan çox cilalanır. Boyanın özünün işlənib hazırlanması və sınaqdan keçirilməsi prosesi bir il yarımdan çox çəkib ki, bu da Gradient Paint rəngini Rolls-Royce tərəfindən indiyə qədər yaradılmış texniki cəhətdən ən mürəkkəb boyalardan birinə çevirir.

Avtomobil bamperdəki sarı əlavələrə və təkər disklərdəki firma zolaqlarına, radiator barmaqlığının arxasındakı sarı V-şəkilli Black Arrow sütunlarına, həmçinin parlaq sarı aksentə malik olan karbondan hazırlanmış Spirit of Ecstasy heykəlciyinə sahib olub. Ön panel üzərində V12 mühərrik diaqramı həkk olunmuş qara örtüklü alüminium əlavə ilə bəzədilib - mütəxəssislər bu rəsm üzərində iki aydan çox çalışıblar.

Metal dekoru, qapılarda və arxa oturacaqlar arasındakı konsolda yerləşən 320-dən çox detalın hazırlandığı açıq məsaməli qara ağac elementləri tamamlayır. Mərkəzi konsolda, işıqlandırılmış şüşənin altında rekord qıran Thunderbolt modelinin kuzov dizaynını təkrarlayan rəsm var.
Kupe üçün xüsusi olaraq Club Leather dərisi yaradılıb ki, bu dəridən də dirsəkaltıların, oturacaq elementlərinin, transmissiya tunelinin, qapı detallarının, qapı kofrlarının və cihazlar panelinin aşağı hissəsinin üzlənməsində istifadə olunur. Yeni material parlaqlığı və tutqun qara dəri ilə təzad yaradan daha dərin qara rəngi ilə seçilir.

Bu material sükan çarxında və ön oturacaqlarda seçilən qara tikişlərə malik olan parlaq sarı dəri ilə, qara rəngli arxa oturacaqlarda isə sarı tikişlərlə tamamlanır. Başlıqlarda ox şəkilli tikmə-naxış peyda olub, sükan çarxında və oturacaqlarda asimmetrik xətt çəkilib. Black Badge Wraith Black Arrow Bespoke Starlight Headliner tavanı 2117 fiber optik ulduzdan ibarətdir.

Mühərrikin qapağında, bunun Rolls-Royce kupesindəki sonuncu V12 mühərriki olduğunu göstərmək üçün, cilalanmış bütov metal parçasından hazırlanmış lövhə peyda olub. Bu element parlaq sarı rəngli V12 monoqramı və qara rəngli “Final Coupe Collection” yazısı ilə bəzədilib.

Texniki cəhətdən mühərrik dəyişməyib - bu, 632 at qüvvəsi və 870 Nm fırlanma anı hasil edən standart 6,6-litrlik turbomühərrikdir. Rolls-Royce Black Badge Wraith Black Arrow Collection tirajı 12 nüsxədən ibarətdir və onların hamısı artıq öz sahiblərini tapıb. Eksklüziv kupenin qiyməti açıqlanmır.

©autograph