AVTO

21 Fevral

Hyundai yeni nəsil Accent modelinin eksteryer dizaynını nümayiş etdirib - FOTO

Hyundai şirkəti yeni nəsil Accent modelinin görünüşü üzərindəki sirr pərdəsini götürüb. Köklü şəkildə dəyişdirilmiş sedanın şəkillərini Hyundai şirkətinin Hindistan ofisi tərəfindən dərc edilib. Yeni modelin təqdimatı martın 21-nə planlaşdırılıb.

Fins.Az xəbər verir ki, nəsil dəyişikliyi ilə Accent/Verna modeli Tucson, Elantra və Sonata sedanlarının, eləcə də bu yaxınlarda təqdim edilmiş Hyundai Grandeur modelinin tərtib edildiyi Sensuous Sportiness (“hissiyatlı idman”) dizayn üslubunda görünüşə malik olacaqdır.

Yeni Hyundai Verna sələfindən köklü şəkildə fərqlənəcəkdir. Rəsmi renderdə göründüyü kimi, model Staria miniveni və Grandeur sedanı kimi, ön tərəf boyu uzanan LED zolağı əldə edəcəkdir.

Onun altında blok-fənərlər, fənərlərin arasında isə Tucson modelinin üslubunda üçölçülü naxışa malik olan geniş radiator barmaqlığı var. Digər xüsusiyyətlər arasında yan tərəfdəki bucaqlı çıxıntılar, böyüdülmüş arxa təkər tağları, xrom ilə haşiyələnmiş pəncərə xətti və rəvan şəkildə arxa sütunlara doğru “axan” dam var.

Verna sedanının arxa tərəfinin tərtibatı profildən çəkilmiş şəkildə görünür və əvvəl dərc edilmiş tizerdə də qismən göstərilib. Ön tərəfdə olduğu kimi, arxa hissədə də, Tucson və Elantra modellərindəki kimi kənarlarında çəp zolaqları olan diod element var.

Hindistanda yenilik iki mühərriklə təklif ediləcəkdir. Birincisi, 160 at qüvvəsi hasil edən, mexaniki ötürmələr qutusu və ya yeddi pilləli “robot” ilə işləyən yeni 1,5-litrlik birbaşa püskürtməli benzin turbomühərrikidir. 

Alternativ olaraq, altı pilləli mexaniki transmissiya və ya variator ilə tandemdə çalışan 115 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki təklif ediləcəkdir. Verna modelinin mühərrik çeşidində dizel mühərriki olmayacaqdır.

Yeni sedanı dörd təchizat səviyyəsində (EX, S, SX və SX (O)) təklif edəcəklər. Kuzov üçün yeddi təkrəngli və iki ikirəngli boyama sxemi hazırlayıblar. Yeni Verna modelinə öncədən sifarişlər artıq qəbul olunur: bunun üçün 25 min rupi (500 manat) beh vermək kifayətdir.

©autograph