AVTO

01 Fevral

Azərbaycanda bu avtomobillərdən dövlət rüsumu tutulacaq

Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulacaq.

Fins.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.