AVTO

20 Dekabr

Çinlilər “İlin avtomobilini” seçiblər

Çində milli avtomobil mükafatının - Xuanyuan Award müsabiqəsinin nəticələri elan edilib. 2023-cü ilin 10 ən yaxşı modelinin adı açıqlanıb. Qalibləri çinli jurnalistlərlə yanaşı, digər ölkələrdən olan mütəxəssislərin daxil olduğu münsiflər heyəti seçib. Bu il ən yaxşı avtomobil adı uğrunda 46 brendi təmsil edən 86 yeni model yarışıb. Əsas qaliblə yanaşı, daha doqquz ən yaxşı avtomobil seçilib və bu siyahıdakı bütün avtomobillər Çin brendlərinə məxsusdurlar.

 

Əvvəlki iki ildə keçirilimiş Xuanyuan Award müsabiqəsində eyni sayda xal topladıqları üçün qələbə iki modelə verilmişdi. Bu il isə mütləq qalib Li Auto markasının L9 hibrid krossoveri olub. Xatırladaq ki, bu marka Nio şirkətinin sahibi Li Syan tərəfindən təsis edilmiş CHJ Automotive startapına məxsusdur.

L9 əla istismar xüsusiyyətləri, rahat salonu, hər bir sərnişin üçün yaxşı düşünülmüş erqonomikası və təsir edici yürüş məsafəsi ilə diqqət çəkib. L9 modeli batareyanı doldurmağa cavabdeh olan 1,5-litrlik daxili yanma mühərrikinə əsaslanan benzin-elektrik güc qurğusu ilə hərəkətə gəlir. Ön və arxa oxlarda quraşdırılmış iki elektrik mühərriki təkərlərin fırlanmasına cavabdehdir. Aqreqatların ümumi gücü 449 at qüvvəsinə çatır. Hibridin yürüş məsafəsi 1315 kilometrdir.

İlk onluğa həmçinin AITO M7, Avatr 11, Feifan R7 (SAIC konserninə məxsus brend), Xpeng G9 və smart #1, Changan Deepal SL03 və Nio ET5 sedanları, Zeekr 001 şutinq breyki (Geely şirkətinin subbrendi) və Voyah Dreamer miniveni daxil olub.

Xuanyuan Award müsabiqəsinin xüsusi nominasiyalarına gəlincə, Avatr 11 modeli ən yaxşı eksteryerə, Nio ET5 isə ən yaxşı interyerə görə mükafata layiq görülüblər. BAIC və Huawei konsernlərinin birgə hazırladıqları  ArcFox Alpha S modeli ən "ağıllı" avtomobil seçilib. İlin xarici avtomobili MG Mulan hetçbeki olub. Dinamik xüsusiyyətlər baxımından ən yaxşı avtomobil, SAIC və Alibaba tərəfindən təsis edilmiş Zhiji Auto markasının IM L7 modeli olub.

© autograph