Yığcam Jeep Avenger krossoveri cəmi bir həftə bundan əvvəl debüt edib. Avtomobilin kütləvi təqdimatının keçirildiyi Paris avtosalonunda amerikan markası yalnız onun ən vacib modifikasiyalarını - Avenger e elektromobilini və eksperimental Avenger 4xe prototipini nümayiş etdirmişdi. Sərgi artıq başa çatıb və növbə ən sadə krossoverə gəlib çatıb: bu, Jeep Avenger modelinin benzin mühərriki və mexaniki transmissiya ilə təchiz edilmiş versiyasıdır.
Jeep Avenger modeli baza güc aqreqatını platformasını paylaşdığı Peugeot 2008, DS 3 və Opel Mokka krossoverlərindən götürüb. Bu, PureTech ailəsindən olan, 100 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edən 1,2-litrlik üçsilindrli turbomühərrikidir. Güc aqreqatı yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - yalnız ön oxadır.
Ən sadə Jeep krossoverinin dinamik xüsusiyyətləri hələlik açıqlanmayıb, lakin qohum krossoverlər 100 km/saat həddini toplamağa 10,6-10,9 saniyəyə sərf edirlər. Zahiri cəhətdən, benzin mühərrikli Avenger elektrik versiyasından yalnız nişanları və buraxılış sisteminin çıxış borusunun olması ilə fərqlənir.
Benzin mühərrikli Jeep Avenger modelini hazırda İtaliya və İspaniyada sifariş etmək olar. Elektrik versiyası kimi, benzin mühərrikli Avenger krossoveri də hələlik yalnız ən zəngin First Edition “salamlama” versiyasında təklif olunur. Belə krossover ispanlara 25 900 avroya, italyanlara isə 26 900 avroya başa gələcəkdir.
Batareyalı Avenger e modeli isə, hər iki ölkədə ən azı 39 500 avroya başa gəlir. Bir müddət sonra daxili yanma mühərrikləri ilə təchiz edilmiş modifikasiyaların sayı artırılacaq və onların satış coğrafiyası genişləndiriləcəkdir.
©Autograph