Alfa Romeo Giulia sedanı altı il əvvəl satış debütü edib, Alfa Romeo Stelvio krossoveri isə, artıq beş ildir ki, istehsal olunur. Bu müddət ərzində onlar bir neçə dəfə xırda yenilənmələrə məruz qalsalar da, indiyə qədər tamölçülü restaylinqdən keçməyiblər. Artıq bu çatışmazlıq aradan qaldırılıb. Bu isə, avtomobillərin zahiri görkəmində dəyişiklərin olduğundan xəbər verir. Qeyd etmək gərəkdir ki, hər iki avtomobilin yenilənməsi vahid proqrama əsasən həyata keçirilib.
Əsas yenilik - Giulia və Stelvio modellərini yeni Alfa Romeo Tonale krossoverinə bənzədən yeni fənərlərdir. Matrisalı adaptiv fənərlərin korpuslarının forması dəyişməsə də, onlar üç işıqlanan bölməyə və dönmə işıqlarının animasiyalı zolaqlarına sahib olublar. Bamperdəki alt barmaqlıq dəyişdirilib, mərkəzi hissədə isə, yeni tor peyda olub. Sedanın arxa fənərləri indi şəffaf linzalara malikdirlər, krossoverdə isə onlar tündləşdirilib.
Yığcam Alfa Romeo Tonale modelinin ardınca böyük modellər də virtual cihazlar panelini alıblar. 12,3-düymlük ekran firma "quyularına” batırılıblar, avtomobilin sahibi isə, Evolved, Relax və Heritage qrafik rejimləri arasında seçim edə bilər. Media sistemi 8,8-düymlük ekrana malikdir, lakin onun proqram təminatı təkmilləşdirilib və sistem “hava” üzərindən yenilənmə funksiyasını əldə edib.
Alfa Romeo həmçinin avtomobil və texniki xidmət haqqında məlumatlarını blokçeynində saxlamaq üçün NFT texnologiyasından istifadə edir. Qeyd etmək gərəkdir ki, ilk dəfə bu texnologiya məhz Tonale modelində tətbiq olunmuşdu.
Guilia və Stelvio modelləri Super, Sprint, Ti və Veloce təchizat səviyyələrində təklif olunurlar. Modifikasiya çeşidinin zirvəsində isə, tutqun boz rəngli kuzova, qırmızı əyləc supportlarına, 21-düymlük təkər disklərinə, adaptiv asqıya və zəngin təchizata malik olan yeni Competizione versiyası durur.
Yeganə texniki yeniləmə isə, 160 at qüvvəli 2,1-litrlik turbodizelə və arxa ötürməyə malik olan baza versiyanın model cərgəsinə qayıtmasıdır. Xatırlatamaq gərəkdir ki, Giulia və Stelvio modelləri 2020-ci ilə qədər belə bir versiyada təklif olunurdular.
Digər modifikasiyalar isə əvvəlki kimidirlər: eyni 2.1-litrlik turbodizel 190 və 210 at qüvvəli versiyalarda təklif olunur, 2,0-litrlik benzin turbomühərriki isə, əvvəlki kimi 200 və ya 280 at qüvvəsi hasil edir. Bütün güc qurğuları səkkiz pilləli avtomatik transmissiya ilə təchiz olunurlar. Ötürmə - arxa və ya hər iki oxa ola bilər. Sedan və krossoverin “qaynar” Quadrifoglio versiyaları hələlik yenilənməyiblər.
Yenilənmiş Giulia sedanları və Stelvio krossoverləri gələn ilin fevralında satışa çıxarılacaqlar. Doğma İtaliyada avtomobillərin qiyməti, müvafiq olaraq, 49 min və 56 min avrodan başlayır.
©autograph