Polestar markası çoxdan gözlənilən üçüncü modelini təqdim edib. 3 indeksli model Çin-İsveç markası üçün böyük əhəmiyyət kəsb edir. Bunun iki səbəbi var: birincisi, yeni model kupeşəkilli alçaq siluetə malik olsa da, populyar olan krossoverdir (əvvəl yalnız kupe və liftbək var idi). İkincisi, Polestar 3 artıq Volvo avtomobillərinə bənzəmir: o, iki il əvvəl Polestar Precept konseptində debüt edən yeni firma üslubunda dizayna malik olan ilk modeldir.
Kuzovun nisbətləri krossoverin heç də kiçik olmayan ölçülərini uğurla gizlədir: Polestar 3 modelinin uzunluğu (4900 millimetr) və eni (güzgülər daxil olmaqla 2120 millimetr) Volvo XC90 krossoverinə yaxındır, lakin hündürlüyü (1627 millimetr) ondan 150 millimetr alçaqdır. Təkər bazasının ölçüsü 2985 millimetrdir.
Kuzov poladdan hazırlanıb, baza təkər disklərinin diametri 21 düym, klirens isə 211 millimetrdir. Bununla belə, Avropada satılacaq avtomobillərdə klirens 201 millimetr olacaqdır.
Yastı burun, maili dam və “təmiz” gövdə səthləri krossoveri yaxşı aerodinamik müqavimət əmsalı (Cx 0,29) ilə təmin edib. Üstəlik, antiqanad təkcə baqaj qapısına deyil, həm də avtomobilin ön hissəsinə inteqrasiya olunub: daxil olan hava ön fənərlər arasındakı yuvadan keçərək kapota doğru qalxır.
Kapotun altında yükləmə kabelini saxlamaq üçün məqsədəuyğun olan 32 litrlik bölmə var. Əsas baqaj isə 484 litrdən 1411 litrə qədər (döşəmənin altındakı 90 litrlik bölmə daxil olmaqla) həcmə malikdir.
Minimalizm beş nəfərlik salonda da özünü büruzə verir. Burada demək olar ki, analoq düymələri və açarlarından əsər-əlamət qalmayıb. Sürücünün qarşısında cihazlar panelinin yığcam ekranı var, mərkəzdə isə 14,5-düymlük planşet yerləşir.
Android Automotive OS əməliyyat sistemi ilə çalışan multimedia sistemi geniş onlayn imkanlarına və havadan yenilənmə funksiyasına malikdir. Oturacaqlar yun parça və ya süni dəri ilə üzlənir.
Polestar 3 krossoverinin əsasını Geely holdinqi tərəfindən geniş çeşiddə elektrokarlar üçün hazırlanmış SEA1 (Sustainable Experience Architecture) modul platforması təşkil edir. 3 modelinin ən yaxın qohumları arasında Zeekr 001 və Lotus Eletre modelləri var.
Şassi – öndə ikiqollu, arxada isə çoxqollu asqıya malikdir. Artıq "bazada" adaptiv ZF amortizatorları və iki kameralı pnevmatik balonları olan asqı var. Ön oxda dörd porşenli Brembo əyləcləri, arxada isə bir porşenli əyləc mexanizmləri quraşdırılıb.
Polestar 3 iki elektrik mühərrikilə təmin edilən tam ötürməyə malikdir, lakin əgər öndəki mühərrik ənənəvi olaraq təkərləri birpilləli ötürmələr qutusu və differensial vasitəsilə hərəkətə gətirirsə, arxa oxda daha mürəkkəb sxemdən istifadə edilib.
Burada differensial yoxdur, azaldıcı reduktordan sonra isə friksionlar quraşdırılır. Elektronika onların kilidləmə dərəcəsi ilə oynayaraq, dartma vektorunu idarə edə bilər, bəzi hallarda isə, arxa mühərriki təkərlərdən tamamilə ayıraraq Polestar 3 modelini ön ötürməli edir.
Baza versiyada iki mühərrikin ümumi hasilatı 489 at qüvvəsi və 840 Nm fırlanma anına bərabərdir. Belə krossover 100 km/saat həddinə 5,0 saniyəyə sürətlənir. Lakin əlavə olaraq, Performance Pack dəsti təklif olunur ki, bu halda güc qurğusunun hasilatı 517 at qüvvəsi və 910 Nm-ə qədər artırılır.
100 km/saata sürətlənmə 4,7 saniyə çəkir və yenidən tənzimlənmiş asqı və 22-düymlük təkər diskləri isə bonusdur. Maksimal sürət həddi istənilən halda 210 km/saatda ilə məhdudlaşdırılıb.
Litium-ion dartma batareyası yeganə variantda - 111 kilovat-saat (107 kilovat-saatı istifadə olunur) tutumla təklif edilir. Batareya 400 volt işləmə gərginliyinə, alüminium korpusa və istilik nasosu olan qabaqcıl maye ilə soyutma sisteminə malikdir.
2584 kiloqram boş çəkisi olan krossover dolu batareya ilə WLTP dövrünə əsasən 610 kilometrə qədər məsafə qət edə bilər. Ən maraqlısı odur ki, amerikan EPA metodologiyasına əsasən bu məsafənin 300 mil (483 kilometr) olduğu bəyan edilib.
Seçimi (və istehsalı) sadələşdirmək üçün Polestar 3 yeganə zəngin komplektasiyada təklif olunur. Elektrokrossoverin təchizatına panoram dam, elektriklə tənzimlənən ön oturacaqlar, bütün oturacaqların qızdırılması və kvazi-avtopilot daxildir.
Polestar krossoverinin arsenalında avtomobilin perimetri üzrə düzülmüş beş radar, beş kamera və on iki ultrasəs sensoru var. Bu təsərrüfatı Nvidia Drive çipi idarə edir. Bir müddət sonra Pilot Pack sistemi sifariş üçün əlçatan olacaqdır – bu, Luminar frontal lidar və iki Nvidia prosessoru olan daha qabaqcıl avtopilotdur.
Salonda standart olaraq sürücünün gözlərinə nəzarət edən iki kamera quraşdırılıb: onun yorğunluq səviyyəsindən asılı olaraq, elektronika idarəetməyə müdaxilə dərəcəsini dəyişə bilər. Sürücü yuxuya gedərsə və ya huşunu itirərsə, Polestar 3 avtomatik olaraq yolun kənarında dayanacaqdır.
Bundan əlavə, salondakı radar park edilmiş avtomobilin içərisində qalmış uşaq və ya heyvanların aktivliyini aşkar edərsə həyəcan siqnalı verə bilər. Sürücü geri qayıdana qədər isə, sistem klimat-kontrolu işə salır və salondakı komfortlu temperaturu saxlayır.
Polestar 3 elektromobilləri iki zavodda istehsal ediləcəklər. İlkin olaraq, 2023-cü ilin ortalarında Çinin Çendu şəhərindəki Geely zavodunda istehsala start veriləcəkdir. Burada hazırlanan krossoverlər ilin sonuna kimi Çin, Avropa və Şimali Amerika bazarlarına çıxacaqlar.
Qiymətlər artıq açıqlanıb: krossoverin Almaniyadakı satış qiyməti 89 900 avro, ABŞ-da isə 85 300 dollardan başlayır. 2024-cü ilin ortalarında isə, Polestar 3 ABŞ-da (Cənubi Karolina) Volvo zavodunun konveyer xəttinə çıxacaqdır. Hazırda bu müəssisədə yalnız Volvo S60 sedanları buraxılır. Bundan sonra hər iki müəssisə çatdırılma coğrafiyasını öz aralarında bölüşməlidirlər.
©autograph