Amazon, Avropa nəqliyyat parkının elektrikləşdirmək üçün beş il ərzində 1 milyard avro sərmayə qoyacaq.
"Fins.az" xəbər verir ki, texnologiya nəhəngi 2040-cı ilə qədər xalis sıfır karbon emissiyasına çatmağı hədəfləyir.
Məlumata görə e-ticarət sektorunun aparıcı şirkətlərindən biri olan Amazon 1 milyard avroluq nəhəng investisiya edəcəyini açıqlayıb. ABŞ-ın texnologiya nəhəngi Avropadakı paylayıcı donanmasını elektrikləşdirmək üçün beş il ərzində 1 milyard avro xərcləyəcəyini açıqlayıb.
İnvestisiya Avropadakı avtomobil parkına əlavə olaraq 10 min elektrik mikroavtobusu və 1500 elektrikli ağır nəqliyyat vasitəsinin alınmasına sərf olunacaq. Şirkət 2040-cı ilə qədər xalis sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirib.
"Nəqliyyat şəbəkəmizi karbondan təmizləmək və xalis sıfır karbon hədəfimizə nail olmaq üçün əhəmiyyətli və davamlı investisiyalar tələb olunacaq", - deyə Amazon şirkətinin baş direktoru Endi Jassi bildirib.
Jassi, Amazon-un sərmayəsinin daha çox elektrikli avtomobil istehsalçılarını Avropada elektrik doldurma stansiyaları qurmağa təşviq edəcəyini və avtomobil sənayesini daha çox elektrikli nəqliyyat vasitələri istehsal etməyə təşviq edəcəyini açıqlayıb. Jassi, həmçinin "Nəqliyyat şəbəkəmiz karbonsuzlaşdırmanın ən çətin iş sahələrindən biridir" deyə qeyd edib.
Qeyd edək ki, ən son davamlılıq hesabatına görə, karbon qazı emissiyaları 2021-ci ildə 2020-ci ilə nisbətən 18% artıb.
Müəllif: Aynur Qəniyeva