Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 657 980,24 min ABŞ dolları dəyərində 49 245 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 15,1% çox və 12,6% azdır.
Fins.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında ölkəyə 521 616,77 min dollar dəyərində 45 519 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 6,4% çox, say baxımından isə 13,3% azdır.
Bundan başqa, bu ilin yanvar-avqust aylarında ölkəyə 66 304,15 min dollar dəyərində 3 202 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 18,7% çox, say baxımından isə 12,9% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 329 vahid (2,7 dəfəyədək çox) 45 742,38 min dollar dəyərində (artım 2,7 dəfə) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 195 vahid (120 vahid çox) 24 316,94 min dollar dəyərində (2,7 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkəyə dəyəri 91 933,77 min dollar (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 2 dəfədən çox) təşkil edən 8 210 vahid (13,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 9 060,58 min dollar (4,9 dəfə çox) dəyərində 267 vahid (212 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.