AVTO

23 İyun

Mazda il ərzində 13 elektrokar istehsal edəcək

Mazda şirkəti də, digər avtomobil istehsalçıları kimi, model çeşidinin tamamilə elektrikləşdirilməsi yoluna qədəm qoyub. Reuters agentliyinin verdiyi məlumata görə, 2025-ci ilə qədər yapon istehsalçısının model çeşidinə 13 yeni elektromobil və hibrid daxil olacaqdır. 2030-cu ilə qədər isə,Mazda şirkətinin model xəttində daxili yanma mühərriki ilə təchiz olunmuş bir avtomobil belə qalmamalıdır. Bu gün Mazda şirkəti CX-30 və MX-30 krossoverlərinin elektrik və hibrid versiyalarını təklif edir.

Mazda  şirkətinin planına əsasən, gələn ildən başlayaraq benzin-elektrik güc qurğusu ilə təchiz edilmiş üç yeni model, üç qoşulan hibrid və üç elektrokar təqdim edilməlidir. Qalan dörd model barədə şirkət hələlik açıqlama verməyib. Yeni modellər üçün əsas bazarlar Yaponiya, Avropa, ABŞ, Çin və Cənub-Şərqi Asiya ölkələri olacaqdır.

"Yaşıl" Mazda modellərinin bir hissəsi, Mazda MX-30 elektromobilinin və aprel ayında təqdim olunmuş CX-30 EV elektrik krossoverinin əsasını təşkil edən miqyaslanan SVA (SkyActiv Vehicle Architecture) arxitekturasında inşa ediləcəklər. İlkin məlumatlara görə, Toyota şirkəti həmyerlilərini  hibrid qurğular ilə təmin edəcəkdir.

Bütün yeni Mazda elektromobilləri,  35,5 kilovat-saatlıq batareyaya və 200 kilometr yürüş ehtiyatına sahib olan MX-30 modeli ilə müqayisədə, daha iri tutumlu batareyaları alacaqlar. Şirkət, Avropa ofisinin tədqiqat mərkəzinin direktoru Kristian Şultsun iri batareyaları olan avtomobillərin ətraf mühitə böyük zərər vurduğunu söyləməsinə baxmayaraq, belə modellərin istehsal həcmini artırmağa qərar verib.

Bundan əlavə, Mazda mühəndisləri 2025-2030-cu illərdə elektromobillərin istehsal ediləcəyi yeni elektrik platformasının üzərində işləyirlər. Baş icraçı direktor İçiro Hirosenin sözlərinə görə, Mazda “batareyalı” avtomobillərində Toyota və Denso konsernləri tərəfindən yaradılmış texnologiyalardan istifadə edəcəkdir.

Mazda şirkətinin gələn ildən başlayaraq tətbiq edəcəyi daha bir yenilik, iri ölçülü avtomobillərdə quraşdırılacaq yarımavtopilotdur. Sistem sürücünün vəziyyətini izləyəcək və onun tərəfindən heç bir reaksiya olmadığı təqdirdə avtomobili yavaşladacaq və ya tamamilə dayandıracaqdır. Bənzər funksiyaya Toyota şirkətinin arsenalında olan Advanced Drive sistemi də malikdir. Bu sistem hazırda yalnız Yaponiyada təklif olunur.