AVTO

16 İyun

Azərbaycana hibrid avtomobillərin idxalı iki dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 318 139,85 min ABŞ dolları dəyərində 31 220 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 31,8% və 58,6% çoxdur.

Hesabat dövründə ölkəyə 274 300,78 min dollar dəyərində 28 840 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 34,5%, say baxımından isə 56,5% çoxdur.

Bundan başqa, cari ilin ilk beş ayında ölkəyə 33 374,72 min dollar dəyərində 1820 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 86,8%, say baxımından isə 2 dəfədən çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 51 vahid (20 vahid az) 4 625,24 min dollar dəyərində (38,6% az) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 43 vahid (25 vahid az) 5 839,11 min dollar dəyərində (51,7% az) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkəyə dəyəri 22 564,26 min dollar (ötən ilin yanvar-may ayları ilə müqayisədə 2,2 dəfədən çox) təşkil edən 3719 vahid (2 dəfədən çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 1 046,01 min dollar (75,1% az) dəyərində 29 vahid (52 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

© APA