AVTO

08 İyun

Braziliya avtosənayesinin inciləri: Bir-birindən gözəl, gözalıcı modellər – FOTO

Braziliyada təkcə maraqlı seriallar deyil, həm də keyfiyyətli avtomobillər istehsal olunur.

Bugünədək özünü görüb, adını eşitmədiyimiz maşınlar barədə motor.ru icmal hazırlayıb.

“Puma” – Braziliyada xalq idman avtomobili kimi tanınır. İtalyanlar üçün “Ferrari” və ya “Lamborghini”, amerikalılar üçün “Chevy Corvette” və ya “Ford Mustang” nədirsə, braziliyalılar üçün də “Puma” həmin dəyəri ifadə edir. İlk modeli 1966-cı ildə buraxılan marka ötən əsrin 80-ci illərinin ortalarınadək çoxsaylı nümunələr təqdim edib.

“Brasinca” markasının “4200 GT Uirapuru” modeli Braziliya avtomobil sənayesinin qızıl fonduna daxil edilib. 1964 – 1967-cil illər ərzində bu avtomobildən cəmi 78 nüsxə istehsal olunub. Sportkar 10 saniyəyə sürətini 100 km/saata çatdıra bilir. Onun maksimal sürəti isə 193 km/saatdır.

1970-ci illərin ulduzu olan “Bianco” avtomobilləri eyni soyadlı yarış mühəndisinin əsəridir. Marka daha çox özünün “Brasilia” və “Bianco S” modelləri ilə tanınıb. Lakin onun ömrü çox az olub. 80-ci illərin ortalarında brendin istehsalı dayandırılıb.

Daha bir  “naməlum” braziliyalı “Farus” avtomobilləridir. 70-ci illərin sonunda meydana çıxan bu marka öz ömrünü 1990-cı ilədək davam etdirə bilib. Bu müddət ərzində markanın ML 929 və “Quadro” kimi modelləri daha çox tanınıb.

“Hofstetter Turbo” Braziliya idman avtomobilləri arasında özünəməxsus yer tutur. 1986-1991-ci illərdə istehsal olunan sportkar 9 saniyəyə sürətini 100 km/saata çatdıra və maksimum 240 km/saat sürə toplaya bilir. Beş il ərzində cəmi 18 ədəd belə avto hazırlanıb.

“Santa Matilde”nin ömrü əvvəlkilərə nisbətdə daha uzun olub. Avtomobil 1977-1997-ci illərdə istehsal edilib. Onun kapotu altında 171 at gücü olan 6 silindirli 4,1 litrlik mühərrik quraşdırılıb. 12 saniyəyə “100-ü sıxan” avtonun maksimal sürəti 180 km/saatdır.

“Miura MTS” ötən əsrin 80-ci illərinin möcüzəsi sayılır. Səkkiz silindirli 1.6 litrlik mühərrik, dördpilləli mexaniki ötürücü qutu, 11.7 saniyəyə 100 km/saat sürət – bütün bunlar öz dövrü üçün yaxşı göstəricilər sayıla bilər. 1985-ci ilədək 300 ədəd belə model istehsal olunub.

“Aurora 122-C” 1990-cı ildə təqdim olunub. 214 at gücünə malik 2.2 litrlik V8 mühərriki sayəsində bu model 9 saniyə ərzində 100 km/saatadək sürətlənə bilir. Maksimal sürət həddi 204 km/saat olan avtomobildən cəmi 5 ədəd hazırlanıb.

© Oxu