Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarı ilə açıq havada tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə olunmasına dair tələb ləğv olunub.
Nazirlər Kabinetindən verilən məlumata görə, həmçinin, qanunvericiliyə əsasən şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.) istisna olunmaqla, şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur.
Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarına əsasən aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
- qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
- açıq sahəli ofislərdə və istehsalat yerlərində;
- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.