Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti yarımkeçiricilərin çatışmaması səbəbindən ölkədəki iki zavodunda istehsalı dayandırır.
Fins.az xəbər verir ki, şirkətin İvate və Miyaqi prefekturalarındakı zavodlarında iki modelin istehsalı iyunda dayandırılacaq. Bildirilir ki, həmin zavodlarda C-HR krossoveri və “Yaris” kompakt modeli istehsal edilir. Bu zavodların dayanması nəticəsində təqribən 20 min avtomobil satışa buraxılmayacaq.
Qeyd edək ki, Yaponiya avtomobil istehsalçıları mikroçiplərin istehsalında baş vermiş böhrandan böyük zərər görüblər. Buna baxmayaraq, “Toyota” şirkəti bu yarımkeçiricilərin tədarükünü qaydaya sala bilmişdi.
Bildirilir ki, “Subaru” şirkəti Qumma prefekturasında və ABŞ-da avtomobillərin istehsalını dayandırıb. “Nissan” şirkəti isə cari maliyyə ili üzrə 250 min avtomobilin istehsalını ixtisar etməyə hazırlaşır. “Mitsubishi Motors” şirkəti də həmin dövr üzrə istehsalı 40 min avtomobil azaldacaq.