Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak etmək üçün ölkəyə gələn komanda üzvləri dərhal koronavirus testindən keçiriləcək.
Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Bildirilib ki, beynəlxalq uçuş qaydasına əsasən, uçmazdan 48 saat əvvəl test verilməsi tələb edilir. Yəni bu, Formula 1 ilə əlaqədar deyil, test verilməsini aviaşirkətlər tələb edir.
Lakin bununla belə iştirakçılar Azərbaycana gələn kimi də dərhal testdən keçiriləcək. Burada qaldıqları müddətdə onlardan hər 5 gündən bir test götürüləcək, yəni əgər 5 gündən artıq ölkədə qalacaqlarsa, yenidən test aparılacaq.
Bakı Şəhər Halqasının əməkdaşlarından da əsas risk qrupları ilə, yəni pilotlar, komanda üzvləri ilə təmasda olanlar testdən keçəcək.
Qeyd edək ki, Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.