AVTO

29 Aprel

DYP-dən sürücülərə MÜRACİƏT

Paytaxtda və bölgələrdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması məqsədilə keçirilən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu qəbildən olan növbəti tədbir atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması və ən önəmlisi bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsinə həsr olunub.

Gəncə, Qax, Qazax, Qəbələ, Qusar, İsmayıllı, Kürdəmir, Göyçay, Göygöl, Goranboy, Mingəçevir, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Xocalı, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları və tədbirə cəlb olunan mütəxəssislər tərəfindən sürücülərə bir daha izah olunub ki, onlar istifadələrində olan nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.

Kütləvi informasiya vasitələrinin də cəlb olunduğu tədbirlərdə mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, “Təmiz hava” şüarı altında keçirilən tədbirlərin ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.