Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı, əvvəlcə, sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu.
Məlumat verildi ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.
Prezident İlham Əliyev: Bunların qiyməti neçəyədir?
Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov: Cənab Prezident, 17 min manatdan başlayır, 130 min manatadək.
Prezident İlham Əliyev: Birinci mərhələdə nə vaxt maşınların istehsalı nəzərdə tutulur?
Emin Axundov: Yaxın zamanlarda - bir ay, ay yarım ərzində.
Prezident İlham Əliyev: Yəni, dərhal?
Emin Axundov: Bəli, cənab Prezident.
Qeyd edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.