AVTO

15 Aprel

AvtoVAZ-dan YENİLİK

Yaxın gələcəkdə elektron köməkçilər ilə təchiz edilmiş Lada modelləri debüt edə bilərlər. AvtoVAZ şirkəti artıq özünün ADAS adını almış təhlükəsizlik və sürücüyə yardım sistemləri kompleksini yaratmağa başlayıb.

Gazeta.ru nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı artıq bu sahə üzrə ixtisaslaşmış mühəndisləri işə götürüb. ADAS (Advanced Driver Assistance Systems) aktiv təhlükəsizlik və sürücü yardım sistemləri əksər avtomobil istehsalçılarının arsenalında mövcuddur.

Bunlara yol xətlərinə nəzarət, zolaqda saxlama və öndən toqquşmaları xəbərdar edən sistemlər, yoldakı nişanların və obyektlərin tanınması funksiyası və tıxac köməkçisi olan adaptiv kruiz-kontrol daxildir. Bu sistemlərin tətbiqi pilotsuz nəqliyyat vasitələrinin yaradılması üçün atılmış addımdır. AvtoVAZ şirkəti lazımi sistemləri "çox sürətlə" bazara çıxarmağa hazırdır, çünki rus istehsalçısı bu sahədə böyük təcrübəyə və müvafiq texnologiyalara malik olan Groupe Renault qrupunun bir hissəsidir.

Lada avtomobillərində hansı elektron köməkçilərin quraşdırılacağı açıqlamayıb. Şirkət qabaqcıl təhlükəsizlik sistemlərinin və sürücü yardımçılarının tətbiq ediləcəyi vaxtı da bildirməyib. Bununla belə, avtomobil istehsalçısı "belə sistemlərə iqtisadi cəhətdən əsaslandırılmış tələbatın yaranması halında dərhal reaksiya verəcəyini" vəd edib. Ancaq bütün bunların əks tərəfi də var  - elektron köməkçilərin tətbiqi Lada modellərinin bahalaşmasına gətirib çıxaracaqdır.