Azərbaycanlı sürücülərin servislərə əsas müraciət səbəblərindən biri də injektorun işığının yanmasıdır. Maraqlısı isə budur ki, sürücüləri servislərə gətirən bu səbəb əslində heç də injektordakı problemdən irəli gəlmir.
Avtomobil üzrə ekspert Şahin Göyləroğlu bildirib ki, Azərbaycanda əksər sürücülər “injektorun işığının yanması”ndan şikayətlənir. Məhz buna görə servisə müraciət edərək injektoru yuduzduranlar, sökdürənlər, müxtəlif hissələrini dəyişdirənlər də az deyil: “Dərd orasıdır ki, “injektorun işığı” deyilən bir işıq yoxdur. Bu, sarı rəngli, matora oxşar işıq elə matorun işığıdır. Bəzi avtomobillərdə sarı işıq yanır, digərlərində isə söz yazılır: “Check Engine”. Yəni, “mühərriki yoxlayın”. Bu işığın əsas səbəbi mühərrik işləmə prinsipində hansısa nasazlığın olmasıdır. Səbəbləri çoxdur, onlardan biri də injektor ola bilər. Bunu dəqiqləşdirməkdən ötrü “Check Engine”ni injektorun işığı kimi deyil, mühərrikdə nasazlıq kimi başa düşməliyik. Məhz bundan sonra onu diaqnostika etdirəndə işığın mühərrikdə hansı səbəbdən yandığını kompüter və müəyyən diaqnostika aparatları ilə görmək mümkündür. Müasir maşınlarda bu işığın yanmasının daha çox səbəbi ola bilər. onlardan yalnız biri injektordur. Çünki matorun bir hissəsidir və yanma sistemində rol oynayır. Amma bu, injektorun işığı deyil. Motorla bağlı olan, onun yanmasını, gücünü əmələ gətirən və bu prosesdə işirak edən istənilən hissə, hətta benzinin keyfiyyəti, hava sistemi belə, həmin işığı yandıra bilir”.
Mütəxəssis vurğulayıb ki, bunu yalnız diaqnostika ilə müəyyənləşdirmək mümkündür: “O qədər aktual məsələdir ki... Necə izah edim... Dünyanın heç bir yerində “injektorumun işığı yanır” ifadəsi yoxdur. Bəs bu, Azərbaycana haradan gəlib? Fikrimcə, azərbaycanlılar ömür boyu korberator, köhnə sovet istehsalı olan maşınlar sürüb. Xarici maşınlar gələrkən bizimkilərin sistemə baxanda başa düşdüyü ilk şey o idi ki, bu avtomobil korberator deyil, injektordur. Maşında ön konsulda yananlar arasında tanımadıqları yeganə işarə “Check Engine” idi. Yağın, lampanın, suyun, lampanın, tormozun işığı və s. Amma “Check Engine”ni başa düşmürdülər. Bunun nə ola biləcəyini düşünürdülər. Qərar verdilər ki, işıq məhz injektora görə yanır. Sonra bu, ağızdan-ağıza keçdi. Avtomobil o qədər çox inkişaf etdi ki, az qala bu gün o hissəyə 20-30 datçik və müəyyən hissələr bağlıdır. Amma yenə də bizimkilər ona “injektorun işığı” deyirlər. Ən dəhşətlisi isə odur ki, bunun üçün külli miqdarda pul xərcləyirlər. Servisdən gələn tanışımdan soruşuram ki, nə etmisən? Deyir, injektorun işığı yanırdı, yuyub təmizlədilər, amma yenə sönmür. Sanki həkim ürək xəstəsinin ayaq barmağını “uzi” etməklə ona diaqnoz qoymağa çalışır. Bu dərəcədə fərqli problemlərdir. İşlədiyim 20 ildə minlərlə sürücü, fərqli avtomobil modelləri görmüşəm. Amma əksəriyyəti “Chek Engine”ni hələ də injektorun işığı kimi başa düşür”.