AVTO

09 Aprel

Avtomobil neçə müddətdən bir diaqnostika edilməlidir?

Texniki nasazlığı olan avtomobilin yolda qalması digər sürücülər üçün də təhlükəlidir. Bunun qarşısını almaq üçün ayrı-ayrı ölkələrin qanunvericilyində məcburi diaqnostika müddəti nəzərdə tutulub.

Bəs, əslində maşını nə qədər müddətdən bir texniki baxışdan keçirmək lazımdır?

Mövzu ilə bağlı danışan avtomobil üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, avtomobilləri mövsümi olaraq diaqnostika etmək məsləhətdir. Bu, həm köhnə, həm də yeni modellərə aiddir: "Çünki onun hər fəsilə uyğun tələbləri ola bilər. Təkərlərin havası, mühərrik, ötürücü qurğu, digər cihazların yoxlanması olduqca vacibdir. Xüsusilə də qışın gəlişi ilə bu diaqnostika mütləqdir. Dövlət qanunlara görə, hər avtomobil ən azı ildə bir dəfə qeydiyyatdan keçirilir və nasazlıqlarla bağlı müvafiq göstərişlər verilir”.

Mütəxəssis vurğulayıb ki, azərbaycanlı sürücülər bu baxımdan iki kateqoriyaya bölünürlər: “Birinci qrup avtomobilə çox, digəri isə az diqqət yetirir. Maşına diqqət edənlər məsuliyyətli sürücülər sayılırlar. Onlar mütəmadi olaraq diaqnostikanı edir, lazımi ehtiyat hissələrini dəyişdirirlər. Digərləri isə avtomobilin texniki baxışına əhəmiyyət vermirlər. Görünür, burada həm də iqtisai vəziyyəti nəzərə almaq lazımdır. Maddi imkanı aşağı olan şəxs avtomobillə lazımi texniki qulluğu təmin edə bilmir”.

Ekspert həm də qeyd edib ki, avtomobil istehsalçılarının reqlamentinə görə, avtomobillər hər 10 min kilometrdən bir diaqnostika olunmalıdır. Bu zaman müəyyən yoxlama işləri aparılır, hansısa ehtiyat hissəsində nasazlıq yarandıqda təmir olunur.