AVTO

08 Aprel

Ölçüsü uyğun olmayan təkər hansı problemlərə yol aça bilər?

"Avtomobil eynilə insana bənzəyir. Hər kəsin bəlli ayaqqabı ölçüsü var. 41 ölçü geyinən adam ən çox 41,5 ölçüdən yararlana bilər. 0,5 ölçü az və ya çox olması insanı narahat etmir. Avtomobil də belədir. Hər birinin icazə verdiyi bir ölçü diapazonu var. Bu, onun kitabında yazılır".

Bu sözləri avtomobil üzrə ekspert Şahin Göyləroğlu deyib. O, avtomobilə uyğunsuz ölçülü təkərin fəsadlarından danışarkən insanla maraqlı müqayisə aparıb: "Çox dar ayaqqabı geyinəndə ayağımız ağrıyır, gəzə bilmirik. Hədsiz öyük ayaqqabı isə qaça bilməməyimizə, yıxılmağımıza, müvazinəti itirməyimizə səbəb olur. Avtomobildə də bu ölçüdən kənara çıxmağın ciddi fəsadları var".

Uyğunsuz ölçü hansı fəsadlara səbəb olar?

Mütəxəssis vurğulayıb ki, ölçü uyğunsuz olanda, hər şeydən əvvəl avtomobil düzgün idarə oluna bilmir: "Yüksək sürətlərdə nizamını itirir. Təkər böyük olanda mühərrikə  güc düşür və qızır. Eynilə insan da böyük ayaqqabı geyinəndə sanki özü ilə yük daşıyır və yeriyə bilmir. Avtomobil döngələrdə və yüksək sürətlərdə düzgün hərəkət edə bilmir, aşır.  Bundan əlavə, təkər böyüdükcə kuzaya, ana hissəyə sürtünməyə başlayır. Fırlanma anında avtomobil biraz da aşağı yatdığına, yaxud döngələrdə əyildiyinə, təkər uyğun gəlməyən bir yuvaya qoyulduğuna görə, sürtünmə baş verir. Bu, çox təhlükəlidir. Təkərlər böyüdükcə maşının ön və arxa hərəkət hissəsi də tez zədələnir, sıradan çıxır. Çox böyük ayaqqabı insanı tez yorur. Bu, avtomobil üçün də keçərlidir və əlavə xərcə səbəb olur".

Ş. Göyləroğlunun sözlərinə görə, böyük təkər həm də avtomobilin elektronikasına təsir edir: "Çünki müasir avtomobillər həm də çox "ağıllı"dırlar. Avtomobil o ölçünü dərhal başa düşür. Çünki ölçü dəyişəndə təkərlərin dövr sayı da dəyişir. Məsələn, böyük təkər dövr edərkən kiçiklə müqayisədə daha böyük məsafə qət edir. Çünki oturduğu ərazi böyükdür. Bu zaman maşın müəyyən datçiklərdən anlayır ki, avtomobildəki təkər ona lazım olan təkər deyil. Daha müasir maşınlarda kuzanın idarə olunması datçikləri də var. Maşın təkəri anlayır və onun işarəsini yandırmır. Daha çox elektronik hissələrin işarəsini yandırır. Hətta bəzən avtomat karobkaya da təsir edir və xəta yaradır. Hamı elə bilir, avtomat karobkada problem var. Halbuki bu, təkərə görədir. Bir sözlə, bu, fəsad üzərinə fəsad deməkdir. O qədər zərərlidir ki, avtomobil normadan böyük, uyğunsuz təkərli olsa, yol polisi də saxlaya və cərimələyə bilir. Polis o avtomobili yoldan çıxarma hüququna sahibdir. Hətta böyük təkərə görə, digər sürücülərə də xələl dəyə bilər. Bu, hər mənada zərərli addımdır, xüsusilə də müasir avtomobillər üçün".