Bu qeyri-dəqiq şəkilləri casuslar deyil, Maserati şirkəti özü yayımlayıb. Dərc edilmiş şəkillərdə, Aralıq dənizində əsən küləyin adı verilən və keçən ilin payızında ilk dəfə görüntülənən orta ölçülü Maserati Grecale krossoveri nümayiş olunur.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, krossoverin prototipləri artıq ümumi istifadə yollarında, yarış treklərində və yolsuzluqda sınaqdan keçirilir. Eyni zamanda, seriya avtomobilinin təqdimatının ilin sonuna qədər keçiriləcəyi də qeyd edilib, baxmayaraq ki, istehsalçı sentyabr ayında yeni modelin baharda debüt edəcəyini bildirmişdi. Qeyd etmək gərəkdir ki, belə gecikmələr və təxirə salınmalar bu yaxınlarda Stellantis ittifaqına daxil olmuş FCA konserni üçün norma halına gəlib.