AVTO

16 Fevral

750 avtomobildən ibarət nəhəng mozaika yaradıldı - FOTO

Çinin “Geely” şirkəti 750 avtomobildən ibarət nəhəng mozaika yaradıb, bununla da Ginnesin Rekordlar Kitabı yeni dünya rekordunu qeydə alıb.

Bu barədə Motor.ru xəbər yayıb.

Nailiyyət Yeni ilə təsadüf edib: yerli təqvimə görə, 2021 Buğa işarəsinə keçəcək, ona görə də kompozisiya bu heyvana həsr edilib.

Ginnesin Kitabının qaydalarına görə, rekorda nail olmaq üçün avtomobillər arasındakı məsafə 20 santimetrdən çox olmamalı və kompozisiyanın sahəsi ən azı 3000 kvadratmetr olmalıdır.

“Geely” hər iki meyara da cavab verib: avtomobillər 4-5 santimetr aralıqlarla park edilib və 7000 kvadratmetrdən çox ərazidə mozaika yaradılıb!

Ümumiyyətlə, “Geely” iki mozaika düzəldib: birində ilin simvolu - buğa, digərində – “2021” rəqəmi və heroqlif şəklində imza təsvir edilib. “Flaşmob”da ümumilikdə 1339 avtomobilin iştirak etməsinə baxmayaraq Ginnessin Kitabının nümayəndələri 750 avtomobil olan daha böyük mozaikanı qeydə alıblar.

Rekord üçün ağ və tünd boz rənglərdə “Geely Emgrand” avtomobillərindən istifadə edilib.