"Ford Motor Company" şirkətinin 2020-ci ilin IV rübündə xalis zərəri 2,8 mlrd. ABŞ dolları təşkil edib, satışlardan gəliri isə 36 mlrd. dollara bərabər olub. Şirkətin 2019-cu ilin analoji dövründə xalis zərəri 1,7 mlrd. dollara bərabər idi.
Avtomobil istehsalçısının 2020-ci il üçün xalis zərəri 1,3 mlrd. dollar, satışlardan gəliri isə 127,1 mlrd. dollar (18,6% azalma) təşkil edib. Beləliklə, ABŞ-ın ən böyük ikinci avtomobil istehsalçısı IV rübü 31 mlrd. dollar nağd vəsait və 47 mlrd. dollarlıq likvidliklə başa vurub. Bu göstəricilər 2019-cu ilin IV rübündə müvafiq olaraq 30 mlrd. dollar və 45 mlrd. dollara bərabər idi.
Qeyd edək ki, "Ford" 2,8 mlrd. dollarlıq xalis zərərə baxmayaraq, elektormobillərə planlaşdırılmış investisiyalarının həcmini 2025-ci ilədək 2 dəfədən çox artıraraq 29 mlrd. dollara çatdıracağını açıqlayıb. Bundan əlavə, şirkət özünü idarə edən (avtonom) avtomobillərdə 2025-ci ilədək 5 mlrd. dollar sərmayə yatıracaq.