AVTO

22 Yanvar

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzalarının statistikası açıqlanıb

Ötən il Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 57.8 faizini (yəni, 266 fakt) piyadaların vurulması təşkil edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəticədə 62.7 faiz (106 nəfər) həlak olub, 43.7 faiz (169 fakt) müxtəlif dərəcəli xəsarət alıb.

Bölmə rəisi azyaşlılarla bağlı qeydə alınan qəzaların statistikasını da açıqlayıb. Bildirib ki, Bakı şəhəri üzrə ötən il ilə müqayisədə 12 hadisə azalması müşahidə olunub. Nəticədə 4 ölüm faktı, 15 xəsarət sayı aşağı düşüb. Yəni, 2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə 33 qəza baş verib ki, nəticədə 7 nəfər həyatını itirib, 26-sı isə xasarət alıb. 2019-cu ildə isə müvafiq olaraq 45 hadisə qeydə alınıb ki, nəticədə 11 ölüm, 41 yaralanma qeydə alınıb.

 

Vaqif Əsədov qəzaların daha çox günün qaranlıq saatlarında baş verdiyini bildirib: “Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox hadisə baş verir. Qeyd olunan saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu da ümumi hadisələrin 51.1, həlak olanların 54.4, xəsarət alanların isə 49.1 faizini təşkil edib.”