AVTO

04 Dekabr

Daxili yanma mühərriki ilə təchiz edilmiş yeni avtomobillərin satışı QADAĞAN EDİLƏCƏK

Bakı, 4 dekabr Fins.az

Kaliforniya ştatının qubernatoru Gevin Nyusom, 2035-ci ildən başlayaraq ştatda daxili yanma mühərriki ilə təchiz edilmiş yeni avtomobillərin satışını və alınmasını qadağan edəcək fərmanı imzalayıb. Bu barədə yerli The Sacramento Bee qəzeti xəbər verir.

15 ildən sonra ştatda həm benzin, həm də dizel mühərrikləri, habelə hibridlər qadağan ediləcəkdir. Kaloforniya qubernatorunun sözlərinə görə, belə qərar havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və iqlim dəyişikliyinə səbəb olan istixana qazlarının tullantılarını 35% azaldılmasına xidmət edəcəkdir. Daha 10 ildən sonra, qadağa yükdaşıma nəqliyyatına da şamil ediləcəkdır - yük avtomobilləri də elektrik ötürməsinə keçməlidirlər.

Söhbət yalnız yeni avtomobillərin satışından gedir. Ştat sakinlərinə, 2035-ci ilə qədər əldə etdikləri daxili yanma mühərriki olan avtomobilləri istismar etmələrinə, eləcə də onları  "ikinci əl bazarında" satmalarına icazə veriləcəkdir.

Kaliforniya qubernatorunun sərəncamı avtomobil istehsalçıları və neft şirkətləri arasında narazılığa, həmçinin Respublikaçılar partiyasından və prezident Donald Trampın administrasiyasından səsləndirilən tənqidlərə səbəb olub. Qərarın əleyhdarları onun həddindən artıq sərt olduğunu, eyni zamanda, elektromobillərin qiymətinin əksər kaliforniyalılar üçün çox yüksək olduğunu qeyd ediblər. Bundan əlavə, daxili yanma mühərrikindən tamamilə imtina edilməsi işsizliyə səbəb ola bilər.

Kaliforniya ştatı "yaşıl" nəqliyyatın təşviqatına keçən onilliyin sonunda başlayıb: 2012-ci ildə ştatın keçmiş qubernatoru Cerri Braun, 2025-ci ilə qədər statın yollarına sıfır emissiyalı 1,5 milyon nəqliyyat vasitəsini çıxarmaq məqsədini qarşısına qoymuşdu. Bununla birlikdə, elektrikli nəqliyyat vasitələrinin satışı hələ də arzuolunan səviyyədə deyil - 2011-ci ildən bəri kaliforniyalılar 700.000 belə avtomobil alıblar.