AVTO

14 Noyabr

Bu ölkədə 2030-cu ilədək benzin və dizel avtomobillərinin satışı qadağan oluna bilər

Bakı, 14 noyabr Fins.az 

Böyük Britaniya hökuməti 2030-cu ilədək ölkədə benzin və dizel yanacağı ilə işləyən yeni avtomobillərin satışını qadağan etməyi planlaşdırır.

"Financial Times"-n məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Conson gələn həftə bununla bağlı açıqlama verəcək.

Əvvəlcə Britaniya hökuməti bu qadağanı 2040-cı ilə qədər tətbiq edəcəkdi, lakin fevral ayında Nazirlər Kabineti 2035-ci ilədək benzin və dizel mühərrikli yeni minik avtomobillərinin satışına son qoymaq niyyətində olduğunu bildirmişdi. Hazırda səlahiyyətlilər 2030-cu ilədək sözügedən avtomobillərin satışlarından imtina etmək niyyətindədir.

Eyni zamanda, hibrid avtomobillər (daxili yanma mühərriki ilə elektrik mühərrikin birgə işləməsi), əvvəlcədən güman edildiyi kimi, yalnız 2035-ci ildə qadağan olunmuş siyahıya daxil ediləcək.

"Financial Times" onu da qeyd edir ki, 2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışının qadağan olunmasına dair elan avtomobil sahiblərini indidən daha “yaşıl” nəqliyyat vasitələrinə keçməyə sövq etmək üçün veriləcək. Elektromobillər üçün şarj stansiyaları şəbəkəsini genişləndirmək məqsədilə Britaniya hökuməti tərəfindən 2021-ci ildə 500 mln. funt sterlinq (660 mln. ABŞ dolları) həcmində vəsaitin ayrılacağı gözlənilir. Birləşmiş Krallıqda elektromobillərin populyarlığı ildən-ilə artır, lakin hazırda onlara olan tələbat digər avtomobillərə nisbətən xeyli aşağıdır: oktyabrda onların satışları ümumi satışın yalnız 7%-ni təşkil edib.

©apa