“Rolls Royce” şirkətinin iki müəssisəni Sinqapura köçürmək qərarı həmin müəssisələrdə tətil başlamasına gətirib çıxarıb.
Fins.az xəbər verir ki, Lankaşir qəzasının Barnoldsuik şəhəri yaxınlığında yerləşən və reaktiv mühərriklər üçün “Trent 1000” tipli pərlər istehsal edən iki müəssisə qarşıdakı iki il ərzində Sinqapura köçürülməklə azı 350 iş yeri ixtisar olunacaq.
“Unite” həmkarlar ittifaqının açıqlamasına görə, həmin müəssisələrin işçiləri noyabr ayının 6-dan etibarən üç həftə ərzində tətil edəcəklər.
Cari ilin birinci yarısında 5,4 milyard funt məbləğində rekord maliyyə itkilər çəkdiklərini açıqlamış “Rolls Royce” pandemiyanın təyyarə bazarındakı fəsadlarına uyğunlaşmaq üçün bütövlükdə 9 minədək, yəni işçilərinin 17 faizini ixtisar etmək niyyətindədir. Bununla da ildə 1,3 milyard funt vəsait qənaət etmək hədəfləyən şirkət həmçinin struktur tərkibini köklü şəkildə təkmilləşdirmə işləri üçün 2 milyard funt sərmayə cəlb etməyi nəzərdə tutur.