Qol saatları tarixən dəbdəbə, var-dövlət, əsilzadəlik simvolu olub.
Bu dəbdəbədən hər kəs istifadə edə bilməzdi. Çünki qol və cib saatları keçmişdə qiyməti ilə sadə insanlar üçün əlçatmaz olardı. Lakin bu tendensiya bir neçə onillik əvvəl dəyişdi. Artıq hər materialdan və istənilən qiymətə qol saatları tapmaq mümkündür. Belə saatların ən ucun nümunələrini isə Çin təklif edir.
Əsasən məşhur markaların plagiatı olan belə saatlara hətta Bakıda da 5-10 manata rast gəlmək olar. Təbii ki, bu saatların ömrü də qiymətinə mütənasibdir: 5-10 gün.
Fins.az-ın araşdırmasına görə, bu gün demək olar hər kəsin cibində smartfon olduğu üçün saata ehtiyac yoxdur. Qol saatları ya aksessuar kimi, ya da ənənəyə sadiqlik nümunəsi kimi istifadə olunur.
Həmsöhbətimiz olan Bakıda məşhur saatsaz Şükür Hüseynov deyir ki, əvvəlki illərlə müqayisədə müştərilərinin sayı azalıb: “Saat satan böyük şirkətlər zəmanət talonu verirlər. Ona görə həmin saatlar təmirə ehtiyac olanda bizə yox, şirkətə üz tuturlar. Çin istehsalı olan saatları isə təmir etməyə ehtiyac olmur. Müştəri deyir ki, beş manata aldığım saatın təmirinə pul xərcləməliyəm? Belə baxanda haqlıdırlar. Bizim əsas müştərilərimiz köhnədən qalmış saat istifadə edənlərdir. Onların da sayı get-gedə azalır”.
Saatsaz Çin istehsalı olan saatları istifadə etməməyi də məsləhət görür: “Onların vaxtı göstərməyində qeyri-dəqiqlik var. Hətta sutka ərzində bir neçə dəqiqə geri qala bilirlər. Batareyaları da həmişə çox zəif olur. Yeni batareya da təxminən o saatın yarı qiymətinə olur. Əgər həqiqətən saatdan istifadə etmək istəyirsinizsə, pulunuzdan keçib keyfiyyətli markalardan alın”.
Ustanın keyfiyyətli dediyi saatların qiyməti isə bu gün Azərbaycan bazarında minimum 100-150 manatdan başlayır. Bura əsasən İsveçrənin və Yaponiyanın markaları aiddir.
Hazırda saat mağalarının əksəriyyətində kreditlə satış mümkün olduğu üçün alıcılar özlərini bu dəbdəbədən məhrum etməyə bilərlər.