AVTO

15 Sentyabr

Azərbaycanda maşın bazarları açılır - QİYMƏTLƏR

Pandemiya ilə əlaqədar olaraq bölgələrdə yerləşən avtomobil bazarları fəaliyyət göstərmir. Karantin qaydaları yumşaldıqdan sonra Bərdə rayonunda yerləşən maşın bazarı fəaliyyətə başlayıb.

Baku TV-nin əməkdaşları Bərdə avtomobil bazarında vəziyyətlə maraqlanıblar.

İki aya yaxındır ki, bağlı qalan avtomobil bazarı açılıb.

Hər bir rayonun öz maşın bazarı olsa da, pandemiyadan sonra açılan Bərdə bazarlarına alıcılar axın edirlər. Buna səbəb həmin bazarda maşın çeşidlərinin çox olması və avtomobillərin daha münasib qiymətə satılmasıdır. 

Bazarda alıcılar xaricdə istehsal olunan avtomobillərdən təkrar satışa çıxarılan “Mercedes” markasına, daha dəqiq desək, bu markanın nisbətən köhnə modellərinə üstünlük verirlər. 

Rusiyadan idxal olunan avtomobillərdən isə daha çox “VAZ 2106”, “VAZ 2107”, qiyməti 3000-6000 AZN arasında dəyişən avtomobillərə maraq göstərilir. Bunun da səbəbi həmin avtomobillərin yollara daha davamlı olması, eləcə də, az xərc tələb etməsidir. 

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən avtomobil bazarları hələ də bağlıdır.