“İlin Dünya Avtomobili” (World Car of The Year, WCOTY) müsabiqəsinin təşkilatçıları qələbəyə namizəd olan 24 avtomobilin adını açıqlayıblar.
Fins.az xəbər verir ki, siyahı ilkin xarakter daşıyır və dəyişiklik etmək üçün vaxt vardır, çünki son versiya yalnız dekabr ayına qədər formalaşmalıdır. Xüsusilə də, hələ təqdim olunmamış modellər bu siyahıya daxil edilə bilər. Məsələn, təqdimatı sentyabrda keçiriləcək yeni nəsil Mercedes-Benz S-Class sedanının bu siyahıya düşmək şansı vardır.
Cari siyahıda Almaniya Audi A3, BMW 2 Series Gran Coupe, BMW 4 Series, Mercedes-Benz GLA və Volkswagen ID.4 modelləri ilə təmsil olunub. Koreya markaları Genesis G80, Hyundai Elantra/Avante, Hyundai i10/Grand i10, Hyundai i20, Kia K5/Optima, Kia Sonet və Kia Sorento ilə təmsil olunurlar. Yaponiya Honda Jazz / Fit, Honda e, Mazda MX-30, Nissan Rogue/X-Trail və eyni anda dörd Toyota modeli ilə təmsil olunub: Highlander, Sienna, Venza/Harrier və Yaris /Yaris Cross. Siyahıdakı yeganə amerikan avtomobili Ford Escape/Kuga krossoveridi. Citroen C4/e-C4, Seat Leon və Skoda Octavia da ilkin siyahıda yer alıblar. Müsabiqənin qalibi 29 ölkəni təmsil edən 90 avtomobil jurnalistinin daxil olduğu münsiflər heyəti tərəfindən seçiləcəkdir. Müsabiqənin qalibi 2021-ci ilin yazında keçirilməsi planlaşdırılan Nyu-York avtosalonunda elan ediləcəkdir.
2021-ci ildə “İlin Dünya Avtomobili” adını bütün bazarlarda təmsil olunmayan bir modelin alması da mümkündür. Belə bir presedent artıq 2020-ci ildə olub – müsabiqənin qalibi yalnız ABŞ bazarında satılan Kia Telluride krossoveri qazanıb. Yeni siyahıda yer alan belə avtomobillərə misal kimi, Hindistan bazarında satılacaq Kia Sonet modelini, həmçinin Yaponiya, ABŞ və Kanadada satılan Toyota Harrier krossoverini göstərmək olar.