May ayının sonunda Nissan tərəfindən elan edilən dörd illik genişmiqyaslı yenidənqurma planı, o cümlədən, Infiniti brendinin canlandırılmasını da əhatə edir.
Yeni strategiya çərçivəsində, premium marka Mercedes-Benz ilə rəqabət aparmaqdan imtina edərək, “yaxşılaşdırılmış Nissan” rolunu oynayacaqdır. Yeni strategiyaya uyğun olaraq hazırlanmış ilk modelləri 2023-cü ildə işıq üzü görməlidirlər. Mənfəəti artırmaq üçün Nissan şirkəti Infiniti modellərini kütləvi avtomobillər ilə unifikasiya etmək məcburiyyətində qalacaqdır. Bu barədə Automotive News nəşrinə müsahibə verən Infiniti şirkətinin baş əməliyyat direktoru Aşvani Qupta bildirib. Bu dəyişikliklər təkcə güc qurğularına deyil, həm də platformalara öz təsirini göstərəcəkdir. Odur ki, arxa ötürməli platformada inşa edilən Infiniti Q50 və Q60 modellərinin gələcəyi təhlükə altına alır.
Automotive News nəşrinin ehtimallarına görə, 2023-cü ildən başlayaraq bütün İnfiniti modelləri platformalarını Nissan Altima və ya Maxima ilə bölüşəcək, habelə daha yüksək hasilatı olan e-Power hibrid güc qurğusunu əldə edəcəkdirlər. “Yeni dalğadan” olan Infiniti modellərinin əsas bazarları ABŞ və Çin olacaqdır. Bu ölkələrdə yapon markası özünü Mersedes-Benz ilə eyni səviyyədə mövqeləndirməkdən imtina edəcək və “yaxşılaşdırılmış Nissan” kimi təqdim olunacaqdır. Yəni, Infiniti, əslində, kütləvi modellərdən texnologiyalar dəsti və ola bilər ki, daha yaxşı tərtibat materialları ilə fərqlənəcəkdir. Nissan şirkəti ilə mübadilə strategiyasının, birincisi, İnfiniti şirkətini qazanclı edəcəyi, ikincisi isə, yeni modellərin buraxılışını sürətləndirəcəyi güman edilir.